...

İtaliya şirkətləri azad olunmuş ərazilərdə quruculuq işlərinə önəmli töhfələr verə bilər - Deputat

İqtisadiyyat Materials 8 Dekabr 2020 11:49 (UTC +04:00)
İtaliya şirkətləri azad olunmuş ərazilərdə quruculuq işlərinə önəmli töhfələr verə bilər - Deputat

Bakı. Elçin Mehdiyev - Trend:

İşğaldan azad olunmuş Azərbaycan ərazilərində yeni bir dövr - quruculuq, abadlıq dövrü başlayır. Bu genişmiqyaslı prosesdə Azərbaycana dost ölkələri təmsil edən şirkətlərin iştirakına dair cənab Prezidentin çağırışı ölkəmizin dostluğa, əməkdaşlığa nə qədər yüksək önəm verdiyini bir daha təsdiqləyir.

Bunu Trend-ə Milli Məclisin deputatı Azərbaycan-İtaliya, Parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun üzvü Ramin Məmmədov deyib.

Deputat qeyd edib ki, Azərbaycan Prezidentinin İtaliya Deputatlar Palatasının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən söylədiyi fikirlər iki ölkə arasında qarşılıqlı münasibətlərin dərin etimada əsaslandığını göstərir.

Millət vəkili bildirib ki, Azərbaycan və İtaliya bir sıra sahələrdə sıx əməkdaşlıq edir: “Bura qlobal əhəmiyyətli enerji layihələrindən tutmuş, iqtisadiyyatın müxtəlif istiqamətlərinə dair qarşılıqlı ikitərəfli əməkdaşlıq daxildir. Bizim ölkələrimiz eyni zamanda, siyasi müstəvidə də münasibətlərini möhkəmnəndirməkdə davam edir. Hesab edirəm ki, Vətən müharibəsi zamanı İtaliyanın Azərbaycanın haqlı mübarizəsinə verdiyi siyasi dəstək əlaqələrin daha da möhkəmlənməsinə, qarşılıqlı etimadın bir qədər də güclənməsinə yeni stimul verib”.

Deputat bildirib ki, iki ölkə arasında ticarət dövriyyəsinin 6 milyard dollara çatması iqtisadi münasibətlərin nə qədər möhkəm təməllərə, qarşılıqlı maraqlara əsaslandığını göstərir:

“Bu qarşılıqlı etimad əməkdaşlığın əhatə dairəsini böyütməyə, yeni istiqamətlərin açılmasına şərait yaradan əsas amillərdən biri kimi çıxış edir. Ona görə də İtaliya şirkətlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçiriləcək bərpa və quruculuq işlərində fəal iştirakı ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsinə xidmət edəcək”.

R.Məmmədov infrastrukturun yaradılması, nəqliyyat-kommunikasiya layihələrinin qurulması sahəsində İtaliya şirkətlərinin yaxşı təcrübəyə malik olduğunu qeyd edib. Onun sözlərinə görə, bu təcrübə işğaldan azad olunmuş ərazilərdə planlaşdırılan quruculuq işlərinin uğurla həyata keçirilməsinə önəmli töhfələr verə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti