...

Heyvandarlıqda süni mayalanma mütəxəssislərinin hazırlanması üçün yeni təlim başlayır

İqtisadiyyat Materials 2 Fevral 2021 10:36 (UTC +04:00)
Heyvandarlıqda süni mayalanma mütəxəssislərinin hazırlanması üçün yeni təlim başlayır

Bakı. Samir Əli - Trend:

Kənd Təsərrüfatı Nazirliyi süni mayalanma mütəxəssislərinin hazırlığı üçün yeni təlimə başlayır.

Nazirliyin Aqrar Kredit və İnkişaf Agentliyindən (AKİA) Trend-ə verilən məlumata görə, agentliyin icra etdiyi layihə FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı çərçivəsində həyata keçirilir. 5 günlük təlim fevralın ilk həftəsində Göygöldəki Respublika Süni Mayalanma Mərkəzində keçiriləcək. Təlimdə iştirak üçün Ağdaş, Ağcabədi , Bərdə, Qusar, Sabirabad, Zaqatala, Lənkəran rayonlarından baytar həkimlər və zootexniklər müraciət ediblər. COVID-19 pandemiyası ilə əlaqədar olaraq, təlimlər kiçik qruplar şəklində ardıcıl təşkil olunacaq.

Mütəxəssis hazırlığı əhalinin heyvan mənşəli məhsullara tələbatını ödəmək üçün daha məhsuldar heyvanların yetişdirilməsi, heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması məqsədilə atılan addımların tərkib hissəsidir. Ölkədə damazlıq heyvan alışına 60% dövlət güzəşti ilə yanaşı, süni mayalanma ilə doğulan hər buzova görə fermerlərə 100 manat subsidiya ödənilir. Fermerlərin təsərrüfatlarını inkişaf etdirməkləri üçün böyük ehtiyac duyduqları süni mayalanma mütəxəssislərindən yüksək hazırlıq tələb olunur. Həm ana heyvanın, həm də doğulacaq balanın sağlamlığı əsasən mütəxəssislərin bilik və bacarıqlarından asılıdır.

Təlimdə iştirakçılara nəzəri biliklər öyrədilməkdən əlavə, canlı heyvanlar üzərində praktiki bacarıqlar qazanmaq imkanı da yaradılacaq.

İndiyədək FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı çərçivəsində süni mayalanma mütəxəssisləri üçün 4 təlim keçirilib. Baytarlıq və zootexniklik üzrə ixtisaslara yiyələnmiş şəxslərin özünüməşğulluq fəaliyyəti üçün bu təlimlərin böyük töhfəsi müşahidə edilir. Mütəxəssislərin fəal iştirakına nail olmaq məqsədilə təlimləri uğurla başa vuran texniklər fəaliyyətlərini fasiləsiz davam etdirməkləri üçün sertifikat, süni mayalanma ləvazimatları ilə təmin olunacaqlar.

Təlim iştirakçılarına qalmaq, yemək və istirahət üçün şərait dövlət tərəfindən təmin edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti