Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “AQTA maarifləndirir” rubrikası davam edir.
Trend-in məlumatına görə, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanma ilə bağlı tövsiyələr, ölkədə qida təhlükəsizliyinin təmin olunması ilə bağlı zəruri məlumatlar oxucuların diqqətinə çatdırılır. Budəfəki maarifləndirici mövzumuz isə təhlükəsiz məhsul əldə etmək üçün istixana şəraitində riayət olunmalı qaydalar haqqındadır.
Son dövrlərdə iqlim dəyişiklikləri nəticəsində baş verən aramsız yağıntılar, bəzən yüksək hərarətin təsiri ilə quraqlığın yaranması və digər çatışmazlıqlar açıq şəraitdə tərəvəz bitkilərinin becərilməsini çətinləşdirir. Bu baxımdan tərəvəzlərin istixanada yetişdirilməsinə ehtiyac yaranır. Tərkibində insan orqanizmi üçün faydalı olan karbohidratların, zülalların, vitaminlərin, mineral duzların, üzvü turşuların, aromatik maddələrin və qələvi xassəli elementlərin olduğunu nəzərə alaraq, hər adam sutkada 300-400 qram müxtəlif tərəvəz bitkiləri ilə qidalanmalıdır.
Azərbaycanın örtülü tərəvəzçilik bölgələrinin əlverişli iqlim şəraiti istixanaların isidilməsinə az vəsait sərf etməklə ilboyu istiyə tələbkar tərəvəz bitkilərindən yüksək və keyfiyyətli məhsul götürməyə imkan verir. Açıq sahə ilə müqayisədə örtülü şəraitdə tərəvəz istehsalı iqtisadi cəhətdən olduqca səmərəlidir. İstixanalarda meyvəli tərəvəz bitkilərindən pomidor, xiyar, badımcan və bibər daha çox becərilir. Örtülü şəraitdə tərəvəz bitkilərini düzgün becərmək üçün onların bioloji-təsərrüfat xüsusiyyətlərini bilmək lazımdır. Yüksək məhsul əldə etmək üçün bu bitkilərin torpaq-iqlim şəraitinə münasibətini bilmək, onlarda yarana biləcək xəstəlikləri vaxtında müəyyənləşdirmək, eləcə də örtülü şəraitdə becərilən tərəvəz bitkilərinin geniş yayılmış, satış qabiliyyətli sortlarını müəyyən edib seçmək vacibdir.
Bol məhsul əldə etmək üçün keyfiyyətli toxumun və şitilin rolu böyükdür. İriliyindən asılı olaraq tərəvəz bitkiləri həm toxum, həm də şitil vasitəsilə çoxaldılır. Məsələn, xiyar bitkisinin toxumları iri olduğu üçün birbaşa səpilməklə, həm də şitil üsulu ilə əkilə bilər. Pomidor, badımcan və bibər toxumları isə xırda olduğu üçün adətən şitil üsulu ilə əkilir. Çünki xırda toxumlar əlverişsiz şəraitə davamsız olur və daha yaxşı cücərmə şəraiti tələb edir. Belə toxumlar torpaqda bir qədər dərinə düşdükdə cücərə bilmir və çürüməyə başlayır. Buna görə də xırda toxumlu tərəvəz bitkiləri adətən şitil üsulu ilə çoxaldılır. Qeyd edək ki, keyfiyyətli şitil məhsuldar toxum səpilmiş, həmçinin yaxşı qulluq edilmiş əkinlərdən alınır. Keyfiyyətli toxum da bir sıra tələblərə cavab verməlidir. Belə ki, istixana tərəvəzçiliyində əkin materialı üçün ayrılmış toxumlar yüksək məhsuldarlığa və səpin keyfiyyətinə malik olmalıdır. Toxumların sağlam, iri, dolğun, eləcə də uzun müddət saxlamağa imkan verən normal nəmlikdə olması, xəstəlik və zərərvericilərə yoluxmaması şərtdir. Keyfiyyətli toxumun digər sort qarışığı olmamalıdır. Toxumların alaqdan və digər zibil qarışığından təmiz olması da keyfiyyətinə təsir edən vacib amillərdəndir.
Şitillərin münbit torpaqda və optimal müddətdə əkilməsi, eləcə də bitkilərin normal sıxlıqda yerləşdirilməsi və onlara vegetasiya dövründə yaxşı qulluq edilməsi istixanada yüksək məhsuldarlığın alınmasına səbəb olur. Qeyd edək ki, tərəvəz bitkilərinə göstərilən əsas qulluq tədbirlərinə istixana daxilində mikroiqlimin (istilik, rütubət, işıqlanma, havanın qaz tərkibi) nizamlanması, bitkilərə forma verilməsi (yaşıl əməliyyat), cərgə və bitki aralarının yumşaldılması, alaq otları ilə mübarizə, pestisidlərin və aqrokimyəvi maddələrin çilənməsi, gübrələmə və suvarma aiddir.
Növbəli əkin istixana şəraitində torpağın münbitliyinin qorunmasında, xüsusilə də xəstəlik və zərərvericilərə qarşı mübarizədə əhəmiyyətli aqrotexniki tədbirlərdən biri hesab edilir. Çünki torpaqsız (hidroponika ilə süni substratlarda, məsələn kokobit) becərmə şəraitində substrat hər il dezinfeksiya edilməklə eyni tərəvəz bitkisi ardıcıl olaraq bir neçə il becərilə bilər. Lakin bu, torpaqda isə bir qədər fərqlidir. Belə ki, eyni bitkini fasiləsiz olaraq bir neçə il əkdikdə həmin sahədə həm xəstəlik və zərərvericilər, həm də alaq otlarının miqdarı artır, eləcə də torpağın münbitliyi azalır və məhsuldarlıq getdikcə aşağı düşür.
Qeyd edək ki, istixana şəraitində pomidor, badımcan və bibər bitkisi üçün ən yaxşı sələf xiyar, xiyar üçün isə həmin tərəvəzlər hesab edilir. Bəzən fermerlər istixanadan səmərəli istifadə etmək və daha çox gəlir götürmək məqsədilə hər il ardıcıl olaraq pomidor əkirlər. Mütəxəssislərin fikrincə, bu bitkini ancaq ötən il təhlükəli fitoftora xəstəliyi, o cümlədən kolorado böcəyi, pomidor minalayıcı güvəsi və digər zərərvericilərlə sirayətlənməmiş pomidor sahəsinə yenidən əkmək olar. Belə olan halda da ümumi dezinfeksiya işlərinin aparılması, torpağın münbitliyinin yaxşılaşdırılması şərtdir. Mütəxəssislər istixanadan həm səmərəli istifadə olunması, həm mövsümün müəyyən hissəsində boş qalmaması məqsədilə, həm də növbəli əkinə qismən də olsa əməl edilməsi üçün qış-yaz dövrü üzrə badımcançiçəklilər (pomidor, badımcan, bibər) fəsiləsinə aid tərəvəzlərin, yaz-yay dövründə isə xiyar bitkisinin becərilməsini (və ya əksinə) məsləhət görürlər.
İstixana şəraitində becərilən tərəvəz bitkilərindən badımcan və bibərdə fitoftora, xiyarda unlu şeh xəstəliyi, pomidorda xüsusilə pomidor minalayıcı güvəsi təhlükəli hesab edilir. Xəstəliklərə güclü sirayətlənmə əsasən havada və torpaqda yüksək nəmliyin olması, temperaturun aşağı düşməsi (16° C aşağı) və əkinlərin sıx aparılması zamanı daha çox müşahidə edilir. Bu cür xəstəliklər insan orqanizminə ziyan vurmasa da, onlara qarşı vaxtında və düzgün mübarizə aparılmazsa, məhsuldarlıq 30-35 % aşağı düşür, bəzən isə məhsul tamamilə məhv olur. Əgər bitkidə zərərli orqanizmlər və xəstəliklər vaxtında aşkarlanarsa, onlara qarşı mübarizə asanlaşar. Belə ki, xəstəliyin inkişaf dərəcəsindən asılı olaraq müvafiq - aqrotexniki, fiziki, kimyəvi, bioloji və inteqrir mübarizə üsulları seçilməlidir.