...

Bolqarıstandan Azərbaycana bəzi məhsulların idxalına qoyulan qadağa götürülüb

İqtisadiyyat Materials 17 Sentyabr 2021 13:29 (UTC +04:00)
Bolqarıstandan Azərbaycana bəzi məhsulların idxalına qoyulan qadağa götürülüb

Bakı. Çingiz Səfərli - Trend:

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Bolqarıstan Respublikasının Vidin vilayətində qeydə alınmış Nyukasl xəstəliyi aradan qaldırılıb.

Qida Təhlükəsizliyi Agentliyindən Trend-ə bildirilib ki, OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, Nyukasl xəstəliyinin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və vilayətin epizootik sağlamlıq statusu bərpa olunub. Bununla əlaqədar, AQTA tərəfindən Bolqarıstan Respublikasının Vidin vilayətindən Azərbaycan Respublikasına bütün növ diri quş və quşçuluq məhsullarının idxalına tətbiq edilmiş məhdudiyyət aradan qaldırılıb. Eyni zamanda aidiyyəti üzrə Dövlət Gömrük Komitəsinə məlumat verilib.

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tövsiyə edir ki, yüksək patogen quş qripi xəstəliyinin baş verməməsi üçün quşçuluq məhsullarının və quşların beynəlxalq ticarətinin aparılmasında ölkələrin epizootik vəziyyəti nəzərə alınmalı, quşçuluq təyinatlı istehsal müəssisələrində və bu müəssisələrin daxil olduğu ərazilərdə daimi müşahidələr aparılmalı və baytarlıq-sanitariya tələblərinə əməl edilməlidir.

Twitter: @cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti