...

Sahibkarlıq obyektlərində monitorinqlər keçirilir

İqtisadiyyat Materials 28 Oktyabr 2021 14:36 (UTC +04:00)

Bakı. Trend:

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti sahibkarlıq subyektlərində sanitariya-gigiyena və karantin rejiminin tələblərinə əməl edilməsi məqsədilə monitorinqlərə başlayıb.

Dövlət Vergi Xidmətindən Trend-ə verilən məlumata görə, monitorinqlər zamanı satıcıların və istehlakçıların qoruyucu maskadan istifadə etməsi və ara məsafəsinin gözlənilməsi kimi tələblərə riayət edilməsi vəziyyəti yoxlanılır.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bildirir ki, nəzarət prosesinin həyata keçirilməsi zamanı aşağıdakı məsələlərə xüsusi diqqət ediləcək:

Təsərrüfat obyektlərində sahibkarlıq subyektləri və onların vəzifəli şəxsləri tərəfindən işçilərin tibbi maska ilə təmin edilməsinə, habelə tibbi maskadan istifadə olunmasına nəzarət edilməsinə;

Təsərrüfat obyektlərinin ərazisindəki, o cümlədən kassaların qarşısındakı insanlar arasında 1,5-2 metrlik ara məsafəsinə əməl olunmasına nəzarət edilməsinə;

Müştərilərin təsərrüfat obyektlərinə yalnız maskalarla daxil olmasına, maskası olmayan şəxslərə girişdə maskaların təqdim edilməsinə.

Mövcud tələblərə əməl edilməməsi halları inzibati xəta kimi qiymətləndiriləcək və İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq, qaydaları pozan sahibkarlıq subyektlərinə cərimələr tətbiq ediləcək.

İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən, karantin dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı tələblərin pozulmasına görə - vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər isə altı yüz manat məbləğində cərimə edilir. Bir il ərzində bu pozuntunun təkrar yol verilməsinə görə vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər isə min iki yüz manat məbləğində cərimə edilir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ticarət məntəqələrində monitorinqlər gündəlik formatda davam etdiriləcək və müəyyən olunmuş qayda və tələblərin pozulması hallarına yol verən sahibkarlıq subyektlərinə qarşı ciddi tələblər görüləcək.

Vergi ödəyicilərinin nəzərinə bir daha çatdırılır ki, karantin qaydalarına tam əməl edilməli, işçilər qoruyucu maska ilə təmin olunmalı, müştərilər arasında sosial ara məsafəsinin qorunmasına ciddi nəzarət edilməli, maskadan istifadə etməyən şəxslərin ticarət obyektlərinə daxil olmasına yol verilməməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti