Bakı. Trend:
Energetika naziri Pərviz Şahbazov “Bakı Enerji Forumu” çərçivəsində bir sıra görüşlər keçirib.
Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, Avropa Komissiyasının Enerji Direktorluğunun (DG ENER) enerji siyasəti, strategiya və koordinasiya üzrə direktoru Kristina Lobillo Borrero ilə görüşdə Azərbaycan və Avropa İttifaqı arasında enerji dialoqunun gündəliyindəki məsələlər nəzərdən keçirilib. "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının builki iclası çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə Avropanın enerji məsələləri üzrə komissarı Kadri Simson arasında əldə edilmiş razılığa uyğun olaraq Azərbaycan – Avropa İttifaqı (Aİ) enerji dialoqu formatında mayda keçirilmiş ilk görüş müsbət qiymətləndirilib. Söhbət zamanı enerji dialoqunun təbii qaz, “yaşıl enerji”, hidrogenin istehsalı və ixracını əhatə edən istiqamətləri üzrə fikir mübadiləsi aparılıb. Cənub Qaz Dəhlizinin genişləndirilməsinin həyata keçirilməsi üçün vahid platformada birgə əməkdaşlığın vacibliyi qeyd edilib.
TAP AG şirkətinin icraçı direktoru Luca Schieppati ilə görüşdə isə tədarükün artırılması və boru kəmərinin genişləndirilməsi imkanları müzakirə edilib. TAP-ın aparılan bazar sınaqlarının nəticələrinə əsasən mərhələli şəkildə genişləndiriməsi və hidrogenin nəqli perspektivi ilə bağlı fikir mübadiləsi aparılıb.
Energetika naziri Pərviz Şahbazov Macarıstanın xarici işlər və
ticarət naziri Peter Siyarto ilə də görüşüb. Perspektivdə
Azərbaycandan Macarıstana qaz tədarükü, eləcə də MOL şirkəti ilə
əməkdaşlığın genişləndirilməsindən irəli gələn məsələlər müzakirə
edilib.
Bolqarıstanın energetika naziri Aleksandr Nikolov ilə görüşdə isə
IGB-nin son icra vəziyyəti dəyərləndirilib. IGB-nin sentyabrın
əvvəlində kommersiya istismarına hazır olacağı və Azərbaycan
qazının bu kəmərlə nəqlinin iki ölkə arasında enerji əməkdaşlığının
inkişafına təkan verəcəyi bildirilib.