...

Zəngilanda “ASAN xidmət” fəaliyyətə başlayıb (FOTO)

İqtisadiyyat Materials 5 Avqust 2022 13:24 (UTC +04:00)

Bakı. Trend:

Zəngilan rayonunun Ağalı kəndində Dövlət Xidmətləri Mərkəzi fəaliyyətə başlayıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, mərkəzdə mövcud olan “ASAN xidmət” köşkü vasitəsilə kənd sakinlərinin dövlət xidmətlərinə rahat çıxışı təmin edilir. Belə ki, “ASAN xidmət” əməkdaşı tərəfindən onlara müəyyən onlayn xidmətlər üzrə yerində, digər növ xidmətlər üzrə isə müraciətləri qəbul edilməklə Səyyar ASAN xidmət vasitəsilə xidmət göstərilir.

Qeyd olunan müraciətlərin təmin edilməsi məqsədilə avqustun 4-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən operativ xüsusi səyyar qrup Zəngilan rayonuna ezam olunub.

Kənd əhalisinin dövlət xidmətləri üzrə zəruri sənədlərə ehtiyaclarının müəyyənləşdirilməsi məqsədilə səyyar qrup tərəfindən 46 ünvanda sorğular təşkil olunub.

İlkin olaraq yerində 37 nəfərə məhkumluq arayışının verilməsi xidməti həyata keçirilib.

Həmçinin sorğu nəticəsində 30 nəfərə şəxsiyyət vəsiqəsinin verilməsi və dəyişdirilməsi, 3 nəfərə ümumvətəndaş pasportunun verilməsi və dəyişdirilməsi, 1 nəfərə sürücülük vəsiqəsinin dəyişdirilməsi, 5 nəfərə isə məhkumluq arayışının verilməsi xidməti üzrə ehtiyac müəyyən edilib.

Səyyar ASAN xidmət tərəfindən avqustun 9-da müəyyən edilmiş ehtiyaclar üzrə müvafiq xidmətlərin göstərilməsi təmin ediləcək.

Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmini və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti