...

BTQ çərçivəsində gömrük prosedurlarının asanlaşdırılması ilə bağlı saziş imzalanıb

İqtisadiyyat Materials 18 Avqust 2022 14:02 (UTC +04:00)
BTQ çərçivəsində gömrük prosedurlarının asanlaşdırılması ilə bağlı saziş imzalanıb

Bakı. Trend:

Avqustun 18-də Azərbaycan, Türkiyə və Gürcüstan Hökumətləri arasında Gömrük Məsələləri üzrə Üçtərəfli Komitənin iclası keçirilib.

Trend-in məlumatına görə, bu məqsədlə Türkiyənin ticarət nazirinin müavini, Gömrük İdarəsinin rəhbəri Rıza Tuna Turagay və Gürcüstanın Gəlirlər Xidmətinin Baş direktoru Levan Kakavanın rəhbərlik etdikləri nümayəndə heyətləri ölkəmizə səfər edib.

İclasdan əvvəl Türkiyə Ticarət Nazirliyi və Gürcüstan Gəlirlər Xidmətinin nümayəndə heyətləri Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Qonaqlar Şəhidlər xiyabanında ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini də ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Sonra nümayəndə heyətləri arasında ikitərəfli formatda keçirilən görüşlərdə gömrük sahəsində əməkdaşlıq, qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Daha sonra Gömrük Məsələləri üzrə Üçtərəfli Komitənin iclası öz işinə başlayıb. İclasda çıxış edən nümayəndə heyətlərinin rəhbərləri regional və beynəlxalq ticarətin asan və sürətli şəkildə reallaşdırılmasında gömrük sahəsindəki əməkdaşlığın əhəmiyyətini vurğulayaraq imzalanacaq sazişin bu istiqamətdə fəaliyyətin daha səmərəli şəkildə qurulmasına mühüm töhfə verəcəyini bildiriblər.

İclasda “Azərbaycan Respublikası Hökuməti, Gürcüstan Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit gömrük prosedurlarının asanlaşdırılması üçün ilkin məlumat mübadiləsinə dair Saziş” imzalanıb.

Sazişi Azərbaycan Hökuməti adından Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədrin vəzifələrini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov, Türkiyə Hökuməti adından Türkiyə ticarət nazirinin müavini, Gömrük İdarəsinin rəhbəri Rıza Tuna Turagay və Gürcüstan Hökuməti adından Gürcüstanın Gəlirlər Xidmətinin Baş direktoru Levan Kakava imzalayıblar.

Sazişin məqsədi hər üç dövlətin ərazisindən keçməklə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit qaydada daşınan yüklərə dair gömrük prosedurlarının asanlaşdırılması üçün ilkin məlumatların elektron mübadiləsinin həyata keçirilməsidir.

Saziş Trans-Avropa və Trans-Asiya dəmir yolu dəhlizlərini birləşdirən Bakı-Tbilisi-Qars dəmiryolu vasitəsilə yüklərin fasiləsiz, vaxtında və səmərəli şəkildə daşınması baxımından mühüm imkanlar yaradacaq. Belə ki, mallar haqqında ilkin məlumatların elektron mübadiləsi təşkil edilməklə gömrük prosedurları sadələşdiriləcək, sərhədkeçmə prosesləri sürətlənəcək. Eyni zamanda, qarşılıqlı razılaşdırılmış müasir gömrük nəzarəti metodları hesabına vaxta qənaət ediləcək ki, bu da yüklərin rahat keçidinə şərait yaradacaq. Nəqliyyat dəhlizlərinin cəlbediciliyinin artırılması baxımından da mühüm əhəmiyyət daşıyan saziş iqtisadi operatorlar, eləcə də limanlar üçün logistika imkanlarının artmasına müsbət təsir göstərəcək, ölkəmizin və regionun tranzit potensialının daha da genişləndirilməsində mühüm rol oynayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti