Bakı. Trend:
KOB subyektlərinin Yaşıl dəhliz xidmətindən istifadəsinin daha əlçatan olması və təşviq edilməsi üçün prosedurlara yenidən baxılamasına ehtiyac ehtiyacın olduğunu düşünürəm.
Trend-in məlumatına görə, bunu Gömrük islahatları: Çağırışlar və imkanlar mövzusunda keçirilən tədbirdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.
"Bildiyiniz kimi, Agentlik yanında İctimai Şura mandatına uyğun olaraq daim iqtisadiyyatın müxtəlif sektorlarında fəaliyyət göstərən kiçik və orta biznes subyektlərinin, müvafiq dövlət qurumlarının və vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə mütəmadi olaraq müzakirələr təşkil edir.
Qeyd edim ki, bugünkü tədbir KOBİA yanında İctimai Şuranın sayca 3-cü tərkibdə formalaşmasından sonra təşkil edilmiş ilk ictimai müzakirədir. Yeni tərkibdə formalaşmış Şuranın ilk tədbirinin gömrük məsələlərinə həsr olunması günümüzün reallıqlarından doğan zəruri və kifayət qədər aktual bir mövzu olduğundan xəbər verir.
Gömrük sahəsində yeni qayda və mexanizmlərin əlçatanlığının təmin edilməsi, həmçinin bu sahədə KOB-ların qaldırdıqları digər məsələlərin müzakirəsi məqsədilə KOBİA tərəfindən müxtəlif platformalar üzərindən mütəmadi olaraq Dövlət Gömrük Komitəsinin nümayəndələri ilə bir sıra tədbirlər həyata keçirilir.
Müvafiq sahə üzrə KOB-ların çətinliklərinin öyrənilməsi məqsədilə müvafiq dövlət qurumlarının, o cümlədən Dövlət Gömrük Komitəsinin, nümayəndələrinin və sahibkarlıq subyektinin iştirakı ilə 2022-ci ildə 6 sahəvi görüş və maarifləndirmə tədbirləri keçirilmiş, bu tədbirlərdə ümumilikdə 200-ə yaxın sahibkarlıq subyekti iştirak etmiş, onları maraqlandıran suallar cavablandırılmış, qaldırılan bir sıra müraciətlər araşdırılması üçün yerində qeydiyyata alınmış, habelə dövlətin bu istiqamətdə dəstək alətləri onlara izah edilmişdir.
Eyni zamanda, KOBİA yanında İctimai Şuranın müxtəlif istiqamətlər üzrə keçirilən tədbirlərində gömrük orqanlarının əməkdaşları fəal iştirak ediblər.
Bütün bu dediklərim bir daha Dövlət Gömrük Komitəsinin nümayəndələrinin açıq dialoqa və çətinliklərin həllində nə qədər maraqlı olduqlarını əyani göstərir.
KOBİA tərəfindən sahibkarlarla keçirilən görüşlərdə səsləndirilən bəzi məsələlərə dair fikirləri diqqətinizə çatdırmaqla müzakirə edilməsini təklif edirəm.
Məlumdur ki, Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydalarına əsasən sahibkarlar konsiqnasiya yolu ilə ixrac etdikləri malların müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən müvafiq müddətə Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Lakin bəzi hallarda sahibkarlar qida məhsulları, əsasən meyvə-tərəvəz ixrac etdikdən sonra xarab olan məhsullara dair sənəd təqdim edə bilməmələrinə görə bəyan edilən dəyərin bir qisminin geri ödənilməsində bəzi çətinliklərlə rastlaşırlar. Bu sahədə tənzimləyici mexanizmlərin tətbiqi məqsədilə beynəlxalq təcrübədə təklif edilən mütərəqqi təcrübələrə baxmaq daha yaxşı olardı.
Daxil olmuş müraciətlərə əsasən digər bir çətinlik isə statistik dəyərin müəyyən olunmasında yaşanır. Belə ki, bəzi hallarda həm idxal, həm də ixrac edilən məhsullara münasibətdə faktiki qiymətdən yüksək qiymətlər tətbiq edilir ki, bu vəziyyət əlavə olaraq vergi orqanları ilə də mübahisələrin yaranmasına səbəb olur. Bununla əlaqədar statistik dəyərin təyin edilməsi zamanı mövcud hallar təhlil edilməklə beynəlxalq təcrübəyə əsaslanan sadələşdirilmiş alətlərdən istifadə imkanlarını nəzərdən keçirmək olar.
İdxal zamanı sertifikatların alınması üçün tələb olunan xərc və zaman kifayət qədər yüksəkdir. Bir çox hallarda ixracatçı ölkələrin rəsmi qurumları və ya akkreditasiya olunmuş qurumları tərəfindən verilmiş sertifikatları təqdim edən idxalatçılardan aidiyyəti dövlət qurumlarımız yenidən sertifikat alınmasını tələb edirlər, bu da sənədləşmə prosesində xeyli vaxt və xərc tələb edir. Ona görə də ixracatçı tərəfin təsdiqlədiyi sertifikatların ölkə daxilində tanınması prosedurlarına yenidən baxılmalıdır. Eyni zamanda, “Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 4 mart 2016-ci il tarixli Sərəncamı ilə məcburi sertifikatlaşdırma tələb olunan malların siyahısının azaldılmasının tapşırıldığını nəzərə alaraq bu sahədə islahat tədbirlərinin həyata keçirilməsinin sürətləndirilməsi daha yaxşı olardı.
Əlavə olaraq, KOB-ların gömrük xidmətlərinə çıxışının sadələşdirilməsi məsələsi də diqqət çəkən məsələlərdəndir. Təklif olaraq sahibkarlara nisbətən KOB subyektlərinin Yaşıl dəhliz xidmətindən istifadəsinin daha əlçatan olması və təşviq edilməsi üçün prosedurlara yenidən baxılamasına ehtiyacın olduğunu düşünürəm.
Azərbaycanda yük daşımaları, o cümlədən tranzit daşıma prosesində hər hansı müştərinin hesabında və ya sənədlərində problem ortaya çıxdığı halda məsələ həll edilənə qədər TİR-lər yüklə bərabər gözləmə məcburiyyətində qalır, bu isə bəzən günlər və ya həftələrlə uzana bilər. Burada beynəlxalq təcrübəni nəzərə alaraq və nəqliyyat vasitələrinin idxal və tranzit yükləmələrində boşdayanmaların qarşısının alınması üçün ölkə ərazisində gömrük statuslu depoların fəaliyyətə başlamasını təklif etmək olar.
İdxal-ixrac fəaliyyəti ilə məğul olmaq istəyən sahibkarlar bir çox hallarda prosedurlardan məlumatsız olurlar. Baxmayaraq ki, həm qida təhlükəsizliyi həm də gömrük prosedurlarının bir çox hissəsi elektronlaşdırılıb, lakin prosesin həyata keçirilməsi və aidiyyəti qurumlardan məlumatların əldə edilə bilməsindəki bəzi çətinliklər KOB-lar üçün maneələr yaradır. Təklif edirəm idxal-ixrac prosedurlarının bütün mərhələləri üzrə məlumatların açıq elektron resurslarda yerləşdirilməsi təmin edilsin, eyni zamanda sənədləşmə prosedurları sadələşdirilsin.
Bütün bu deyilənlərlə yanaşı KOBİA olaraq dövlət-biznes dialoqu platformasında təşkil olunmuş bugünkü forumdan gözləntilərimiz çoxdur:
Düşünürük ki, müzakirələrlə öz işini davam etdirəcək bugünkü tədbir – ölkədə aparılan islahatlar və mövcud qanunvericiliyin tələbləri, onun mahiyyəti, eləcə də tənzimləyici qurumların gözləntiləri haqqında daha dolğun təsəvvürün yaranmasına fürsət yaradacaqdır;
Digər tərəfdən bu tədbirdə təmsil olunan dövlət quqrumlarının nümayəndələri Siz sahibkarların fikir və təkliflərini öyrənəcəkdir. Bu isə öz növbəsində hökumət qurumları üçün qərarvermə və yeni təşəbbüslərin formalaşması baxımından vacibdir;
Və nəhayət sektorun hazırkı vəziyyətini, baş verən dəyişiklikləri öyrənmək imkanımız olacaqdır.
Bir məqamı da qeyd etmək istərdim. Belə ki, dövlət-özəl sektor arasında münasibətlərin gücləndirilməsi məqsədilə KOBİA yanında İctimai Şuraya üzv gömrük təmsilçilərini birləşdirən müvafiq Assosiasiya təmsil olunur. Şuraya yeni üzv seçilən bu Assosiasiya sahibkarların gömrük orqanları ilə operativ təmaslarının qurulmasında səmərəli fəaliyyətinə dəstək göstərəcək və müvafiq dövlət qurumları ilə sıx əməkdaşlıq edəcəkdir.
Hörmətli tədbir iştirakçıları, inanıram ki, bu günki tədbirimiz ölkəmizin sosial-iqtisadi inkişaf siyasətinin möhkəmlənməsinə öz faydasını verməklə bütün maraqlı tərəflərin fəaliyyətinə müsbət təsirini göstərəcəkdir. Dəyərli sahibkarlarımızı bu fürsətdən maksimum yararlanmağa dəvət edirəm.
Tədbirin işinə uğurlar arzu edir və diqqətinizə görə təşəkkür edirəm", - O.Məmmədov bildirib.