Bakı. Trend:
İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası üçün 20 milyard manat civarında maliyyə resursuna ehtiyac var.
Trend-in məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Yeni Azərbaycan partiyası tərəfindən təşkil olunan “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na həsr edilmiş “Böyük qayıdış: İlham Əliyev siyasətinin təntənəsi” adlı kofnransda çıxışı zamanı deyib.
V.Qasımlı bildirib ki, proqram çərçivəsində qarşıya qoyulan hədəflərə çatmaq məqsədilə Dövlət Proqramında 2022-2026-cı illər üçün 6 prioritet istiqamət müəyyənləşdirilib.
O qeyd edib ki, növbəti beş ildə minalardan təmizləmə işləri 280 min hektar ərazini əhatə edəcək. V.Qasımlı vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərə dair 240 yeni xəritənin hazırlanması, torpaqların bələdiyyə, dövlət, özəl torpaqlara bölüşdürlməsi işləri aparılacaq. Onun sözlərinə görə, proqram çərçivəsində işğaldan azad edilmiş ərazilərdə 197 orta və ümumtəhsil müəssisənin, 8 peşə təhsili müəssisnin, ali təhsil müəssisələrinin və digər təhsil müəssisələrinin, mərkəzi xəstəxanaların, həm də tələb olunan digər xəstəxanaların tikilməsi nəzərdə tutulur.