Zəngilan. Trend:
Horadiz - Ağbənd dəmir yolunun tikintisinin ikinci mərhələsi həyata keçirilir.
Bu barədə bu gün Trend-ə "Azərbaycan Dəmir Yolları" QSC-nin layihələndirmə şöbəsinin rəisi Kənan Rzayev Horadiz-Ağbənd dəmir yolunun tikintisinə həsr olunmuş mediaturda deyib.
Onun sözlərinə görə, bu günədək 60 km dəmir yolu inşa edilib və 300 mühəndis qurğusu quraşdırılıb.
"Hazırda 62-70 km-lik sahədə torpaq işləri görülməkdədir. Yolun tikintisinin 2024-cü ilin ortalarınadək tamamlanması planlaşdırılır", - Rzayev deyib.
O, birinci mərhələdə (0-30 km) Horadiz, Mərcanlı və Mahmudlu stansiyalarının sahəsinin tikildiyini vurğulayıb.
"Tikintinin ikinci mərhələsi 30-85 km-lik sahəni, yəni Soltanlı, Mincivan və Həkəri stansiyalarını əhatə edir. Üçüncü mərhələ 85-110,4 km-lik Horadiz - Ağbənd dəmir yolunu əhatə edəcək", - o əlavə edib.
Qeyd edək ki, bu dəmir yolunun tikintisi 13 mart 2021-ci il tarixində başladılıb. Onun uzunluğu 110,4 km təşkil edir. Layihəyə əsasən, doqquz stansiyanın (Horadiz, Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz və Ağbənd) inşası nəzərdə tutulub. Yolda, həmçinin, 469 mühəndis qurğusu, o cümlədən, 41 körpü, 22 avtomobil keçidi, üç tunel və digər qurğular inşa olunacaq. Tikinti üç mərhələdə tamamlanacaq.