Kişinyov. Trend:
Azərbaycan Avropanın etibarlı enerji tərəfdaşı olduğunu sübut etdi.
Trend-in məlumatına görə, bunu Bolqarıstan Prezidenti Rumen Radev Kişinyovda keçirilən 2-ci Avropa Siyasi Sammitinin kuluarlarında jurnalistlərə açıqlamasında deyib.
" Azərbaycan özünü Avropa üçün etibarlı tərəfdaş kimi təsdiqləyib. Biz Azərbaycana güvənirik. Və hər bir əməli addım bu etimadı təsdiqləyir", - deyə o, əlavə edib.
Radev həmçinin Yunanıstan-Bolqarıstan Interconnector (IGB) layihəsinin uğurla həyata keçirildiyini qeyd edib.
"Biz IGB layihəsini başa çatdırdıq və indi kifayət qədər miqdarda Azərbaycan qazı alırıq. Bu il biz Bolqarıstan və Serbiya arasında yeni imkanlar yaradacaq daha bir interkonnektorun həyata keçirilməsinə başlamışıq", - prezident əlavə edib.
Qeyd edək ki, Yunanıstan-Bolqarıstan interkonnektoru kommersiya tədarüklərinə 2022-ci il oktyabrın 1-dən başlayıb. Cari istilik mövsümü başlayandan bəri interkonnektor Bolqarıstanda qış təbii qaz istehlakının təxminən 1/3 hissəsini təmin etmişdir. IGB Bolqarıstana təbii qazın şaxələndirilmiş tədarükü üçün ilk marşrutdur, tədarükün təhlükəsizliyinin artırılmasına zəmanət verir və təbii qaz bazarında rəqabətə mühüm töhfə verir ki, bu da ölkədə biznes və ev təsərrüfatları üçün qiymətlərin optimallaşdırılması üçün ilkin şərtdir.