Bakı. Trend:
İki il əvvəl 2021-ci ildə KOBİA tərəfindən qum-çınqıl istehsalı sahəsində problemlərin öyrənilməsi məqsədilə “Qum və çınqıl istehsalçıları – mövcud vəziyyət və perspektivlər” mövzusunda biznes forumu keçirilib. Aidiyyəti dövlət qurumlarının, Agentliyin yanında İctimai Şura üzvlərinin və sahibkarların iştirakı ilə keçirilən tədbirdə mövcud sahə ilə bağlı problemlər səsləndirilmişdir. Görüş zamanı bəzi karxanaların fəaliyyətinin dayandırılması, kütləvi qapanmalar nəticəsində bir sıra sosial problemlərin yaranması, vergi daxilolmalarının kəskin azalması və ümumilikdə sahibkarlara ciddi ziyan dəyməsi geniş müzakirə edilmiş, eləcə də yaranmış çatışmazlıqların və problemlərin yerində araşdırılması, habelə operativ şəkildə həll olunması məqsədilə İşçi Qrupunun yaradılması təklif edilib.
Trend xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov “Dağ-Mədən Sahəsində Mövcud İmkanlar və Prespektivlər” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
O.Məmmədov bildirib ki, 13 dövlət qurumunun və 2 ictimai birliyin daxil olduğu İşçi Qrupu yaradılıb və bu İşçi Qrup fəaliyyəti dövrü ərzində yerlərə səfərlər edib, sahəvi görüşlər keçirib, monitorinqlər aparıb və nəticədə səmərəli iş fəaliyyətinin təşkilinə nail ola bilib. Aparılmış monitorinqlər nəticəsində aşağıdakı çatışmazlıqlar müəyyən edilib:
Çay yataqlarında qazma işlərinin dərinləşdirilməsi, böyük çalaların yaranması, çayların mənsəbinə doğru suyun çatmaması, torpaqlarda sürüşmə hallarının olması
Fəaliyyət dövrü ərzində aidiyyəti qurumlar tərəfindən sahibkarların məlumatlandırılmaması
Uzun illər ərzində nəzarətin zəif olması
İnventarlaşma sahəsində müəyyən çatışmazlıqların olması
Yazılmış cərimələrin ödənilməməsi səbəbindən hasilat işlərinin dayandırılması
Onun sözlərinə görə, sahibkarlıq subyektlərilə vaxtaşırı olan görüşlər, daxil olmuş müraciətlər və keçirilmiş sorğular əsasında bu sektorun əsas problemlərini aşağıdakı şəkildə təsnifatlaşdırmaq olar:
1. Dağ-Mədən sahəsində təssüf ki, hələ də bəzi qeyri-leqal fəaliyyətin mövcudluğu:
Daxil olan məlumatlara istinadən qeyd etmək istərdim ki, dağ-mədən sahəsində qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olan subyektlərə də rast gəlmək mümkündür. Bu isə öz növbəsində haqsız rəqabətə, eləcə də, kifayət qədər sərmayə qoymuş və leqal fəaliyyət göstərən biznes strukturlarının fəaliyyətinə təbii olaraq əngəllər yaradır. Lakin 2022-2023 cü illər ərzində dağ-mədən sahəsində fəaliyyət göstərən subyektlərin Ekalogiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən zəruri sənədlərlə təmin edilməsi, həmçinin elektron qeydiyyat və nəzarət sistemi platformasının yaradılması KOB subyektlərinin işini xeyli asanlaşdırmışdır.
Bu da qurumlar arası səmərəli əməkdaşlığın bariz nümunəsidir.
2. Dağ-Mədən sahəsində istismara qəbul zamanı yaranan çətinliklər:
Bəzi hallarda müvafiq sahələr üzrə mülkiyyət hüququnun əldə edilməsi ilə bağlı çətinliklər müşahidə olunur. Buna səbəb kimi torpağın təyinatı, ərazinin istismara qəbulu və müvafiq hüquq müəyyənedici sənədlərin əldə edilməsi üzrə mürəkkəb prosedurların olması əsas gətirilir. Buna görə də müvafiq sahədə sadə mexanizmlərin və həllərin tətbiqi istiqamətində işlərin sürətləndirilməsinə ehtiyac var.
3. Dağ-Mədən sahəsində fəaliyyət üçün məlumatlılığın az olması:
Müvafiq sahədə istismar üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydalar barədə məlumatsızlıq, başqa sözlə maarifləndirmə işlərinin yetərsizliyi, bəzən sahibkarlıq subyektləri üçün inzibati hüquq pozuntularına və cərimələrin tətbiqinə səbəb olur.