...

Almaniya Azərbaycana BEM sahəsində şirkətlərin cəlb olunması üzərində çalışır (FOTO/VİDEO) (Müsahibə)

İqtisadiyyat Materials 10 İyul 2023 08:00 (UTC +04:00)
Almaniya Azərbaycana BEM sahəsində şirkətlərin cəlb olunması üzərində çalışır (FOTO/VİDEO) (Müsahibə)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Almaniya-Azərbaycan Xarici Ticarət Palatası Azərbaycana bərpa olunan enerji mənbələri (BEM) sahəsində alman şirkətlərin cəlb olunması üzərində çalışır.

Bu barədə Trend-ə müsahibəsində Almaniya-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azerbaijan) icraçı direktoru Tobias Bauman deyib.

Onun sözlərinə görə, 2022-ci ildə Azərbaycana bərpa olunan enerji mənbələri məsələləri üzrə nümayəndə heyəti səfər edib.

"Ötən il Azərbaycana bərpa olunan enerji məsələləri üzrə nümayəndə heyəti səfər edib. İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyimizin proqramı var və Azərbaycanda bərpa olunan enerji mənbələrinin inkişafı kimi perspektiv mövzular üzrə işgüzar nümayəndə heyətlərini dəstəkləyir. Bilirik ki, Azərbaycan BEM sahəsində yüksək potensiala malikdir. Alman işgüzar ictimaiyyətində bu sahəyə böyük maraq olduğunu görürük. Bundan başqa, ticarət palatamız İqtisadi Dayanıqlılıq üzrə Forum təşkil edib və B2B formatında görüşlər keçirib. Şirkətlərimiz Azərbaycan bazarını, onun şəraitini və hüquqi mühitini öyrənir. Hazırda üzərində işləməkdə olduğumuz 2-3 layihə var. Bəzi məqamlar var ki, aydınlıq gətirilməlidir, qiymət buna misaldır. Azərbaycanda elektrik enerjisinin istehlakçı qiymətləri həqiqətən aşağıdır ki, bu da böyük alman investorları üçün elə də cəlbedici deyil. Hesab edirəm ki, əməkdaşlıq təşəbbüsləri orta şirkətlərdən gələ bilər. Həmçinin bu gün alman şirkətləri ilə Azərbaycan tərəfi arasında müzakirə olunan digər imkanlar da mövcuddur. Hərrac baş tutarsa, düşünürəm sövdələşmələrin alman iştirakçılarının maraqlarına cavab verən imkanları tapılacaq", - deyə o bildirib.

Bundan başqa, T.Baumanın sözlərinə görə, Almaniya Azərbaycandan qaz tədarüklərinin artacağına ümid edir, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və "Uniper" şirkəti arasında əməkdaşlıq isə onun fikrincə bu məsələdə böyük perspektivlərə malikdir.

"Uniper ölkəmizə ən böyük qaz tədarükçülərindən biridir və Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Almaniyaya nəqli baxımından SOCAR ilə əməkdaşlıq çox dəyərlidir. Azərbaycandan Almaniyaya qaz tədarükünün artırılması zərurətini nəzərə almalıyıq, çünki bu, gələcəkdə bizə lazım olacaq. Azərbaycanla Avropa Komissiyası arasında imzalanan sənəd 2027-ci ilə qədər Xəzər regionundan Avropaya qaz nəqlinin iki dəfə artırılmasını nəzərdə tutur və hesab edirəm ki, Almaniya "Uniper" şirkəti tərəfindən təmin edilən bu tədarüklərdən yaxşı pay alacaq", - deyə o qeyd edib.

Bauman bildirib ki, alman şirkətləri Azərbaycanı "yaşıl" hidrogenin istehsalı və ixracında dəstəkləməyə hazırdır.

"Almaniya uzunmüddətli tərəfdaşlıq və texnologiya sayəsində öz təcrübəsini Azərbaycanla bölüşə bilər və bu ölkədə “yaşıl” hidrogen istehlakçısı olmağa hazırdır. Almaniya şirkətlərinin texnologiya və digər sahələrdə böyük təcrübəsi var və buna görə də biz Azərbaycanla əməkdaşlığı genişləndirməyi düşünürük. Bizim şirkətlər kənd təsərrüfatı, qida istehsalı və ekoloji həllərin işlənib hazırlanması üzrə ixtisaslaşıb. Bizim hazırda 5 fermerlə layihəmiz mövcuddur. Yaxın zamanda həmin fermerlərin bizim texnologiyalarımızla təciz olunacağı gözlənilir", - Bauman deyib.

T.Bauman həmçinin Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azərkimya" istehsalat birliyi üçün energetik qaz borusu qurğusunun işə salınacağı vaxtı açıqlayıb.

"Qurğunun avqustun sonu-sentyabrın əvvəlində istismara veriləcəyi gözlənilir. Hazırda bu qurğu sınaq rejimində istismar olunur. Layihə Azərbaycanda alman istehsalçıları üçün bu cür layihələrin yeni inkişaf istiqamətlərini açacaq", - deyə T.Bauman əlavə edib.

O, həmçinin iqtisadi ələqələrin inkişafı məsələsinə toxunaraq Almaniyanın Azərbaycanla bərpa olunan enerji mənbələri, dağ-mədən sənayesi və infrastruktur sahələrində əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu vurğulayıb.

"Biz Azərbaycanı ənənəvi enerji istehsalı sahəsində əsas tərəfdaşlardan biri olaraq görürük. Fikrimcə, Azərbaycan dünya bazarında BEM, həmçinin hidrogen istehsalı sahəsində böyük rol oynaya bilər. Azərbaycanda külək və günəş enerjisinin inkişaf potensialı ölkənin yaşıl enerji ixracçısına çevrilməsinə imkan verəcək. Eyni zamanda Azərbaycan hidrogen və hidrogen elektrik enerjisi də ixrac edə bilər. Əməkdaşlığın diər istiqaməti dağ-mədən sahəsidir. Bu sahə Almaniya üçün maraq kəsb edəcək sektorlardan biridir. Almaniyanın avadanlıq, texnologiya və metodika istehsalçıları bu sektor üçün malların istehsalında böyük təcrübəyə malikdir. Bununla yanaşı, Azərbaycanın dağ-mədən sektorunda da istifadə oluna biləcək yetərincə böyük təcrübəyə və ixtisaslaşmış avadanlığa malikik. Əməkdaşlığımızı infrastruktur və su təchizatı sahəsində də inkişaf etdirmək məqsədəuyğundur", - deyə o bildirib.

Müsahibənin sonunda T.Bauman qeyd edib ki, 2023-cü ilin yekunlarına görə Almaniya Azərbaycana ixracı artıraraq 500 milyon ABŞ dollarını keçməyi planlaşdırır.

"2022-ci ildə Azərbaycanla Almaniya arasında xarici ticarət dövriyyəsinin müsbət saldosu 1,2 milyard dollardan çox olub. Almaniya Azərbaycana 472 milron dollar dəyərində məhsul ixrac edib, ölkədən isə 1,7 milyard dollar dəyərində məhsul idxal edib. Almaniyanın Azərbaycandan idxalının əsas hissəsi neft-qaz sektorunun məhsullarının payına düşüb", - deyə o əlavə edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti