Bakı. Trend:
Azərbaycanda fiziki şəxs tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə tutulan dövlət rüsumunun dərəcələri azaldılır.
Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Dövlət rüsumu haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.
Təklif edilən dəyişikliyə əsasən, rüsumlar aşağıdakı dərəcədə azaldılır:
Bazar qiyməti 100 ABŞ dollarından çox olmayan və foto, videoçəkiliş və internetə çıxış funksiyaları olmayan mobil cihazlar üçün qeyd olunan rüsumun 20 manatdan 15 manat-a azaldılması təklif edilir.
Bununla yanaşı, bazar qiyməti 100 ABŞ dollarına qədər olduqda – 30 manatdan 20 manata,
- bazar qiyməti 101 ABŞ dollarından 200 ABŞ dollarına qədər
olduqda – 50 manatdan 30 manata,
- bazar qiyməti 201 ABŞ dollarından 400 ABŞ dollarına qədər olduqda
– 60 manatdan 40 manata,
- bazar qiyməti 401 ABŞ dollarından 700 ABŞ dollarına qədər olduqda
– 70 manatdan 50 manata,
bazar qiyməti 701 ABŞ dollarından 1000 ABŞ dollarına qədər olduqda
– 100 manatdan 70 manata,
bazar qiyməti 1001 ABŞ dollarından yuxarı olduqda – 150 manatdan
100 manata .
Qeydiyyat üçün müraciət olunan tarixə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəsmi internet saytında marka və modeli, habelə bazar qiyməti yerləşdirilməyən mobil cihazlar – 20 manatdan 15 manata.
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.