Bakı. Trend:
Azərbaycan dünyada fintex ilə əlaqəli proseslərdən geri qalmır və ölkədə bu sahədə inkişaf gedir.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Fintex Assosiasiyasının (AzFina) sədri Ruslan Talıbov Fintex forumunda deyib.
O, Azərbaycanda ödəniş kartları ilə nağdsız ödənişlərin həcminin təqribən 54 faizə çatdığını qeyd edib.
"Son 8 ay ərzində ölkəmizdə nağdsız ödənişlərin dövriyyəsi 56 milyard ABŞ dolları olub və bunun təqribən 90 faizi debet kartlarının payına düşür. Bu sahədə atılan ən mütərəqqi addımlardan biri qanunun qəbul edilməsidir. Qanun layihəsi noyabrın 9-da qüvvəyə minəcək və bundan sonra 6 ay ərzində bu sahədə şirkətlərin lisenziyalaşdırılması prosesi keçiriləcək.
Qanunda fintex sektorunun inkişafında bir neçə mühüm addım əksini tapıb. Bunlardan biri açıq bankçılıqdır. Xüsusi "sandbox" rejimi qanuna daxil edilib və fəaliyyətə başladıqdan sonra təşkilatlara qanunvericilikdə olmayan xidmətləri göstərmək üçün Mərkəzi Bankın nəzarəti altında imkan yaradacaq", - o deyib.
Onun sözlərinə görə, dünyada ən maraqlı və gəlirli sahələrdən biri maliyyə və bank xidmətləridir.
"Hazırda bu sektorda hasilat bütün dünyada 12 trilyon ABŞ dollarına yaxındır. Misal üçün, 2,3 trilyon ABŞ dolları bu sektorun xalis gəliridir. Proqnozlara görə, 2030-cu ilədək bu gəlir 21,9 trilyon dollara çatacaq. Burada fintexin payı təqribən 1,5 trilyon dollardır", - deyə o əlavə edib.
(Tərcümə: Rəna Əbdürəhmanova)