Bakı. Trend:
Son 20 il ərzində Azərbaycanda ümumdaxili məhsul (ÜDM) dörd dəfə, büdcə gəlirləri isə 30 dəfədən çox artıb.
Trend xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov SPECA həftəsi çərçivəsində SPECA Ticarət üzrə İşçi Qrupunun 18-ci iclasında deyib.
Onun sözlərinə görə, bu müddət ərzində Azərbaycanın xarici ticarət dövriyyəsi 10 dəfədən çox artıb.
"Birbaşa xarici borcumuzu azaltmağa nail olduq və hazırda bu, ÜDM-in təqribən 10 faizini təşkil edir. Azərbaycanın valyuta ehtiyatları birbaşa borcumuzdan 10 dəfə artıqdır. Biz nəinki energetika üçün, həm də digər sektorlar üçün çox müsbət investisiya mühiti yaratmışıq", - deyə nazir vurğulayıb.
Qeyd edək ki, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) 26 mart 1998-ci ildə təsis olunub.
Hazırda "SPECA"ya üzv dövlətlər Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistandır.
"SPECA" regional əməkdaşlıq yolu ilə ən yaxşı şəkildə əldə edilməsi mümkün olan Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsi üçün sub-regional əməkdaşlıq platforması təmin edir. 2023-cü ildə Proqrama Azərbaycan sədrlik edir.
20-24 noyabr 2023-cü il tarixlərində Bakıda "SPECA Günləri" keçirilir.
(Tərcümə: Rəna Əbdürəhmanova)