Bakı. Trend:
Avropa İttifaqı Azərbaycandan qaz tədarükünün davamlı artımını müşahidə edir.
Trend-in məlumatına görə, bunu Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson Bakıda keçirdiyi brifinqdə deyib.
"Azərbaycan qazı 2020-ci ilin sonunda Aİ-yə daxil olmağa başlayandan bəri sabit artım var ki, bu da 2021-ci ilin ilkin həcmlərini təqribən 46 faiz üstələyir. Keçən il biz Azərbaycandan 11 milyard kubmetrdən çox qaz almışıq və bu göstəricilərin daha da artırılması üzərində çalışırıq", - deyə o bildirib.
Simson qeyd edib ki, Azərbaycandan qaz tədarükünü artırmaq üçün kollektiv istək var ki, bu da 2027-ci ilə qədər tədarükün 20 milyard kubmetrə çatdırılmasını əhatə edir.
“Bu, mövcud qaz infrastrukturunun modernləşdirilməsini tələb edəcək”, - o əlavə edib.
Avropa komissarının fikrincə, Azərbaycanın potensialı təbii qazdan kənara çıxır.
"Biz elektrik enerjisi bazarlarında tərəfdaşlığımızı genişləndirməyə hazırıq. Xəzər dənizinin böyük külək enerjisi potensialı var və Azərbaycandan gələn bərpa olunan elektrik enerjisi Avropaya CO2 emissiyalarını azaltmaq üçün enerji məqsədlərinə çatmağa kömək edəcək. Beləliklə, bu gün imzalanmış Anlaşma Memorandumu aydın bir mesaj verir. Bu, texnoloji potensialını səfərbər etmək istəyən Aİ investorlarına mesajdır. Bu, hər iki tərəf üçün faydalı olacaq”.
Kadri Simson əlavə edib ki, Azərbaycan COP29-a ev sahibliyi edəcəyi üçün Aİ onun uğurla həyata keçirilməsində Bakı ilə əməkdaşlığa hazırdır.