Bakı. Trend:
Azərbaycanın tranzit mərkəzinə çevrilməsi Fars körfəzi dövlətləri ilə münasibətləri gücləndirəcək.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini Anar Axundov Bakıda İkinci Azərbaycan-Fars körfəzi İqtisadi Forumunda bildirib.
"Ölkəmizin artan nəqliyyat və tranzit imkanları, habelə bu sahədə həyata keçirilən regional və beynəlxalq layihələr, xüsusilə Orta Dəhliz, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Bakı-Tbilisi-Qars dəmir yolu yeni perspektivlər açır. 2022-2026-cı illər üçün Sosial-iqtisadi İnkişaf Strategiyasının əsas məqsədlərindən biri Azərbaycanın regional tranzit mərkəzinə çevrilməsi və yükdaşımalarla logistika əməliyyatlarının genişləndirilməsidir ki, bu da Fars körfəzi dövlətləri ilə əməkdaşlıq üçün daha çox imkanlar yaradacaq", - A.Axundov bildirib.
Nazir müavini Azərbaycanın BƏƏ-dən sonra COP29-un növbəti təşkilatçı ölkəsi seçilməsinin Əmirliklərin təcrübəsindən faydalanmaq və əməkdaşlığı gücləndirmək üçün əla imkan yaratdığını vurğulayıb.
“COP29-un ölkəmizdə keçirilməsi Azərbaycanın iqlim dəyişikliyi və dayanıqlı inkişaf məsələlərindəki aktiv rolunu önə çıxarır. Bu mühüm tədbirdə sizi Bakıda görməkdən məmnun olaram”, - A.Axundov əlavə edib.