Bakı. Trend:
"Xızı-Abşeron" külək elektrik stansiyasının tikintisi ölkəmizdə bərpa olunan enerjidən istifadənin genişləndirilməsi üçün əhəmiyyətli layihədir. Azərbaycanın "yaşıl enerji" keçidini dəstəkləyən bu stansiya "ACWA Power" şirkətinin ölkəmizdəki ilk layihəsidir.
Trend-in məlumatına görə, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) direktoru Cavid Abdullayev Bakı Gəmiqayırma Zavodunda "Xızı-Abşeron" külək elektrik stansiyasının pərlərinin Bakıya gətirilməsi ilə bağlı keçirilən tədbirdə deyib.
O bildirib ki, ilkin hesablamalara görə, stansiya tərəfindən istehsal olunacaq illik 1 milyard kilovatt-saata yaxın elektrik enerjisi 220 milyon kubmetr təbii qaza qənaət etməyə, 400 min tondan artıq karbon emissiyasının atmosferə atılmasının qarşısını almağa və 300 min evi elektrik enerjisi ilə təmin etməyə imkan verəcək:
"Layihənin ümumi dəyəri təqribən 300 milyon ABŞ dollarından çoxdur və tam olaraq xarici investisiya hesabına həyata keçirilir".
"Hazırda stansiyanın tikintisi davam etdirilir və 2025-ci ildə istismara verilməsi gözlənilir", - deyə Cavid Abdullayev qeyd edib.
Qeyd edək ki, "Xızı-Abşeron" külək elektrik stansiyası 240 meqavatt gücündə olacaq və Azərbaycanın ilk, Qafqaz bölgəsinin isə ən böyük külək enerji stansiyası olacaq. Stansiya illik 893 geqavatt-saat təmiz enerji istehsal edəcək və karbon emissiyalarını illik 400 000 tondan çox azaldacaq. 25 il müddətinə "tikinti-sahiblik-istismar" (BOO - Build – Own – Operate) prinsipi ilə fəaliyyət göstərəcək və “ACWA Power” tərəfindən idarə ediləcək.
Stansiya iki məkanda - Abşeron rayonunun Zona-1 və Xızı rayonunun Xızı-3 ərazilərində inşa ediləcək, 37 külək turbini optimal külək yığımını nəzərə alaraq yerləşdiriləcək. Layihə Azərbaycanın iqtisadiyyatın diversifikasiyası və enerji sisteminin modernləşdirilməsi məqsədlərini dəstəkləyir və qeyri-neft sektoruna xarici sərmayələrin artırılmasına töhfə verəcək.