...

Bakıda “VERGİ XİDMƏTİ – 25: Davamlı inkişaf və effektiv transformasiya” Forumu keçirilir (FOTO) (ƏLAVƏ OLUNUB)

İqtisadiyyat Materials 13 Fevral 2025 10:10 (UTC +04:00)
Bakıda “VERGİ XİDMƏTİ – 25: Davamlı inkişaf və effektiv transformasiya” Forumu keçirilir (FOTO) (ƏLAVƏ OLUNUB)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

Bu gün Bakıda “VERGİ XİDMƏTİ – 25: Davamlı inkişaf və effektiv transformasiya” Forumu keçirilib.

Trend xəbər verir ki, tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva, dövlət qurumlarının, beynəlxalq audit şirkətlərinin nümayəndələri iştirak ediblər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “VERGİ XİDMƏTİ – 25: Davamlı inkişaf və effektiv transformasiya” Forumu iştirakçılarına müraciət ünvanlayıb. Müraciətin mətnini iqtisadiyyat naziri Mikayıl Cabbarov oxuyub.

Tədbirdə İqtisadiyyat naziri Mikayıl Cabbarov çıxış edərək bildirib ki, Qarabağ Dirçəliş Fonduna bugünədək 16 mindən çox hüquqi və fiziki şəxs tərəfindən ianələr edilib.

Eyni zamanda o qeyd edib ki, kölgə iqtisadiyyatı ilə mübarizənin əhəmiyyətli hissəsi qanunvericilik tətbiqinin hər bir kəsə tətbiq edilməsidir.

"Bu sahədə bizimlə çiyin-çiyinə olan aidiyyəti dövlət orqanlarına, Baş Prokurorluğa təşəkkürümü bildirmək istərdim. Vaxtilə vergilər orqanının inzibatçılığı hansı meyarlara əsaslanır sualı ilə rastlaşırdıq. Bu suallara cavab var. Cavab dövlətin müvafiq qanunvericiliyinə əsaslanmasıdır", - nazir vurğulayıb.

O eyni zamanda bildirib ki, texnologiyaların inkişafı insanların vaxt itkisini aradan qaldırmağa xidmət edir. Onun sözlərinəgörə, elektron vergi xidmətlərinin genişləndirilməsi nəticəsində bu gün sahibkarlar artıq vergi öhdəliklərini minimal vaxtda yerinə yetirə bilirlər:

"Vergi sisteminin inkişafı üzrə qət etdiyimiz məsafə, vergi ödəyicilərinin məmnunluğu qarşıya qoyulmuş məqsədlərin yüksək səviyyədə həyata keçiriləcəyinə inamı artırır. Gələcəyə hədəflənən aydın strateji baxışın, zəruri resursların və texnoloji həllərin mövcudluğu bunun təminatı kimi çıxış edir. Birlikdə daha uğurlu nailiyyətlərə imza atacağımıza inam yüksəkdir. Biz xidmət səviyyəsini artırmalı, sahibkarlıq mühitini daha da yaxşılaşdırmalıyıq.

Çıxışımın yekununda vergi sisteminin inkişafına töhfə verən vergi işçilərinə, islahatların həyata keçirilməsinə dəstək verən tərəfdaşlarımıza və vergi öhdəliklərini vicdanla yerinə yetirən sahibkarlarımıza bir daha minnətdarlığımızı bildirmək istəyirəm".

Tədbirdə nəzərə çatdırılıb ki, 2018-ci illə müqayisədə 2024-cü ildə ÜDM strukturunda neft-qaz sənayesinin xüsusi çəkisi 40,2%-dən 30,6%-ə enib. Bu tendensiya son illər ərzində iqtisadiyyatın daha da şaxələnməsini və neft-qaz sənayesindən olan asılılığın azalmasını nümayiş etdirir.

Forumda qeyd edilib ki, ötən il vergi daxilolmaları üzrə icra göstəricisi proqnoz göstəricisinə yaxınlaşması 2024-cü il üzrə proqnozun iyun ayında dürüstləşdirilərək 1.405.0 milyon manat, o cümlədən qeyri-neft-qaz sektoru üzrə 800,0 mln manat artırılması şəraitində baş verib.

Öz növbəsində Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev isə çıxış edərək bildirib ki, Qarabağın iqtisadi inkişafı üçün atılan addımlar, orada yerləşən xüsusi iqtisadi zonalar üçün nəzərdə tutulan vergi güzəştləri özəl investisiyaların cəlbediciliyini artırır.

O qeyd edib ki, xüsusən də strateji sahə kimi kənd təsərrüfatı sektorunun vergidən azad olunması bu sahədə sahibkarlıq subyektlərinin sayının artmasında özünü bilavasitə göstərir:

"Bu gün ölkə iqtisadiyyatında özəl sektorun payı 80%-dən çoxdur. Məhz özəl sektor iqtisadiyyatımızın diversifikasiya, qeyri-neft sektorunun inkişafı və məşğulluğun artırılması baxımından mühüm rol oynayır", - deyə M. Musayev əlavə edib.

Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli isə tədbirdə bildirib ki, əsas strateji hədəfləri vergi idarəçiliyində şəffaflığı, ədalətliliyi və effektivliyi artırmaqdır. Bunu isə rəqəmsal texnologiyaların və innovasiyaların tətbiqi ilə təmin edirlər.

O qeyd ki, vergi ödəyiciləri ilə qarşılıqlı münasibətləri daha da asanlaşdırmaq, vergi yığımı proseslərini sürətləndirmək və vergilərin doğru və vaxtında ödənilməsini təmin etmək əsas məqsədlərdəndir:

"Dövlət Vergi Xidmətinin 2025-2028-ci illərdə üzrə strategiyası hazırlanır. Bu strategiya bizim yaxın gələcəkdə missiyamızı, dəyərlərimizi, gələcəyə baxışımızı və strateji fəaliyyət istiqamətlərimizi müəyyən edir".

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva isə öz növbəsində bildirib ki, vergi siyasəti hüquqi dövlətin və demokratik cəmiyyətin əsas komponentlərindən birini təşkil etməklə büdcə gəlirlərinin formalaşmasında və iqtisadi sabitliyin təmin edilməsində əhəmiyyətli rol oynayır.

Ombudsman qeyd edib ki, bu baxımdan, dövlət müstəqilliyimizin bərpasından sonra Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə digər sahələrdə olduğu kimi vergi sisteminin təkmilləşdirilməsi istiqamətində də köklü islahatlar aparıldı, vergi orqanlarının strukturu və fəaliyyəti müasirləşdirildi, Vergi Məcəlləsinin qəbul edilməsi ilə vergi münasibətlərinin tənzimlənməsi sahəsində vahid və təkmil qanunvericilik bazası formalaşdırıldı.

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən vergi sisteminin təkmilləşdirilməsi sahəsində həyata keçirilən genişmiqyaslı islahatlar müasir, çevik və səmərəli vergi sisteminin formalaşmasına imkan vermişdir ki, bu da ölkənin sosial-iqtisadi inkişafının, sabit, təhlükəsiz və müasir həyat səviyyəsinin təmin edilməsinə və nəticə etibarı ilə insan hüquq və azadlıqlarının effektiv reallaşmasına xidmət etməkdədir.

Vergi sistemi dövlətin iqtisadi dayanıqlığını və strateji inkişafını, habelə sosial rifahı təmin edən əsas mexanizmlərdən biridir. Vətəndaşların hüquq və vəzifələrinin balanslı şəkildə tənzimlənməsi, qanunçuluğun təmin olunması, iqtisadi səmərəlilik və şəffaf inzibatçılıq müasir vergi sisteminin ən vacib prinsiplərindəndir. Təqdirəlayiq haldır ki, Dövlət Vergi Xidməti bu prinsipləri rəhbər tutaraq və innovativ yanaşmalar tətbiq etməklə fəaliyyətini daim təkmilləşdirir, vətəndaş-məmur münasibətlərinin daha şəffaf və səmimi qurulması üzrə tədbirləri davam etdirir, habelə aidiyyəti dövlət qurumları ilə koordinasiyalı fəaliyyətini daha da gücləndirir”, - o deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti