Bakı. Trend:
Ötən il ödəniş və elektron pul təşkilatları tərəfindən aparılan əməliyyatların həcmi 60,5 milyard manat təşkil edib.
Trend xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Ödəniş Xidmətləri və Ödəniş Sistemlərinin Tənzimlənməsi şöbəsinin rəhbəri Xəyaləddin Tağıyev Azərbaycan Maliyyə Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, hətta elə elektron pul təşkilatları var ki, onların mənfəətliliyi bəzi banklardakı göstəricilərdən yüksəkdir:
"Hazırda 15 elektron pul təşkilatına, 8 ödəniş təşkilatına, 1 ödəniş sistemi operatoruna lisenziya verilib. Bu proses hazırda davam edir. Yaxın gələcəkdə bu təşkilatların ümumi sayı 30-a çatdırılacaq".
"Ümumiyyətlə, bankların qeyri-faiz gəlirinin azalmasına fintekslər əhəmiyyətli dərəcədə təsir göstərib. Eyni zamanda, fintexlər bankların ümumi gəlirliliyinə də müsbət təsir göstərib. Bu, o deməkdir ki, əslində, fintexlər bank sisteminə daha müsbət təsir göstərir və onları daha sağlam, son innovativ texnologiyalardan istifadəyə təhrik edir", - deyə X.Tağıyev əlavə edib.