Bakı. Trend:
Yaxın gələcəkdə ödəniş və elektron pul təşkilatları üçün Mərkəzi Bankda müxbir hesabın açılmasına şərait yaradılacaq.
Trend xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Ödəniş Xidmətləri və Ödəniş Sistemlərinin Tənzimlənməsi şöbəsinin rəhbəri Xəyaləddin Tağıyev Azərbaycan Maliyyə Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, bu istiqamətdə görülən tədbirlərdən biri də hesablar planına müvafiq dəyişikliklər edilməsidir:
"Əvvəl ödəniş və elektron pul təşkilatları banklarda iki cür hesab aça bilirdilər: Bir hesab öz vəsaitlərinin saxlanması və öz əməliyyatları üçün, digəri isə müştəri əməliyyatları üçün.
Lakin ediləcək dəyişikliyə əsasən, öz vəsaitləri ilə paralel elektron pul üçün bir hesab, digər ödəniş xidmətləri üçün isə başqa bir hesab açılacaq. Artıq bu layihə təsdiqlənmə ərəfəsindədir", - deyə X.Tağıyev qeyd edib.