Bakı. Trend:
Ötən il Azərbaycan üzərindən keçən tranzit yükdaşımaların həcmi 14,5 milyon ton təşkil edib.
Trend xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkə hesabında paylaşım edib.
"2024-cü ildə Azərbaycan üzərindən keçən tranzit yükdaşımaların həcmi 2023-cü illə müqayisədə 8,4% artaraq, 14,5 milyon ton təşkil edib", - deyə paylaşımda qeyd olunub.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin açıqladığı məlumata əsasən, ötən ilin yanvar - noyabr aylarında Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərində daşınmış yüklərin həcmi 30 254,8 min ton olub.
Bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə 282 min ton və ya 0,9% çoxdur. Dövr ərzində yüklərin 13906,7 min tonu və ya 46%-i dəmir yolu nəqliyyatı, 9105,4 min tonu və ya 30,1%-i avtomobil nəqliyyatı, 7242,7 min tonu və ya 23,9%-i dəniz nəqliyyatı ilə daşınıb. Dəhlizlər vasitəsilə daşınmış yüklərin 57%-ni və ya 17245,6 min tonunu tranzit yüklər təşkil edib.