Bakı. Trend:
Fevralın 17-də “Azərbaycanda yeni büdcə mexanizminin tətbiqi və bu sahədə potensialın artırılması” mövzusunda təlimlərə başlanılıb.
Maliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) və Dünya Bankının birgə əməkdaşlığı ilə icra edilən “Azərbaycanda Ortamüddətli Xərclər Çərçivəsi üzrə Potensialın Gücləndirilməsi” layihəsi çərçivəsində təşkil edilən təlimlərin ilk hissəsi nəzəri-metodoloji əsaslı məsələləri əhatə edir.
Ortamüddətli xərclər çərçivəsinin tətbiqi, proqram və nəticəəsaslı büdcə mexanizminə keçid islahatlarına cəlb edilmiş büdcə xərclərinin funksional təsnifatının “Təhsil”, “Sosial müdafiə və sosial təminat”, “Kənd təsərrüfatı” və “Ətraf mühitin mühafizəsi” bölmələrinə daxil olan sektorlarda fəaliyyəti olan 47 dövlət qurumundan 55 nümayəndə hədəf auditoriyası kimi müəyyən edilərək təlimlərə cəlb edilib.
Maliyyə Nazirliyinin Ortamüddətli xərclər çərçivəsinin
hazırlanması Mərkəzinin təlimçi qrupu tərəfindən fevralın 28-dək
keçiriləcək təlimlərdə sektorlar üzrə strateji və büdcə planlarının
tərtibi, mövcud və davam edən tədbirlərə, yeni siyasət
təşəbbüslərinə dair büdcə sifarişlərinin hazırlanması, fiskal
risklərin idarə edilməsi, strateji planların icra vəziyyətinin
yoxlanılması, həmçinin icmallaşdırılmış büdcə planlarının
monitorinqinin aparılması mövzularına dair nəzəri-metodoloji,
habelə məlumat mübadiləsi formalarının izahına, proqram və
nəticəəsaslı büdcə mexanizmini prosesual olaraq tənzimləyən
metodoloji çərçivə ilə müəyyən edilən digər məsələlərə dair
praktiki məşğələlər keçiriləcək.
Cari ilin aprel-iyun aylarında isə praktiki ixtisaslaşdırılmış
xüsusi tədris proqramı üzrə interaktiv təlimlərin keçirilməsi
nəzərdə tutulur.