Bakı. Trend:
Qazaxıstan və Azərbaycan arasında ikitərəfli əməkdaşlıq çərçivəsində vergi inzibatçılığının inkişaf perspektivləri böyük vədlər verir.
Bunu Trend-ə müsahibəsində Qazaxıstan Respublikasının Maliyyə Nazirliyi nəzdində Dövlət Gəlirləri Komitəsinin sədr müavini Kayrat Cumaqulov bildirib.
Onun sözlərinə görə, bir sıra vacib istiqamətlərdə əməkdaşlığın dərinləşdirilməsi üçün əhəmiyyətli potensial mövcuddur.
“İlk növbədə bu avtomatik məlumat mübadiləsi uzantısıdır. Common Reportin Standard (CRS) kimi yeni texnologiyaların tətbiqi bizə vergi ödəyicilərinin maliyyə hesablarındakı məlumatları operativ şəkildə mübadilə etməyə icazə verir. Bu, öz növbəsində şəffaflığı artıracaq və vergidən yayınma risklərini əhəmiyyətli dərəcədə azaldacaq”, - deyə Cumaqulov bildirib.
O, eyni zamanda, vergi inzibatçılığının rəqəmsallaşdırılması üzrə birgə layihələrin önəmindən danışıb.
“Biz Qazaxıstanda artıq öz effektivliyini isbat etmiş rəqəmsal platformaların və alətlərin tətbiqi üzrə təcrübəni bölüşməyə və Azərbaycanın ən yaxşı praktikalarını öyrənməyə hazırıq. Bu sahədə birgə iş bizə vergi proseslərinin idarə olunmasında yüksək standardlara daha tez nail olmağımıza imkan verəcək”, - deyə o əlavə edib.
Tədris və təcrübə mübadiləsi prosesi də ikitərəfli əməkdaşlığın inkişafının vacib tərkib hissəsidir.
“Bizim ölkələrin vergi orqanlarının mütəxəssisləri arasında müntəzəm seminarlar, treninqlər və işgüzar görüşlər əməkdaşların ixtisas səviyyəsinin artırılmasına və inzibatçılıq keyfiyyətinin artırılmasına vəsilə olacaq”, - deyə komitə sədrinin müavini bildirib.
Bundan başqa, onun sözlərinə görə, ən vacib vəzifələrdən biri hüquqi bazanın təkmilləşdirilməsidir.
“Biz vergi tutumu sahəsində qanunvericiliyin harmonizasiyası üzərində birgə işləməyə hazırıq. Bu, mümkün nöqsanları aradan qaldırmağa və biznes və investisiya üçün əlverişli şərait yaratmağa kömək olacaq”, - deyə Cumaqulov sonda bildirib.