...

Artıq bu xidmət haqlarını da ASAN Pay vasitəsilə ödəmək mümkündür

İqtisadiyyat Materials 12 Mart 2025 15:11 (UTC +04:00)
Artıq bu xidmət haqlarını da ASAN Pay vasitəsilə ödəmək mümkündür
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Milli Depozit Mərkəzinin inkişaf strategiyasına uyğun olaraq səhmdarların ümumi yığıncaqlarının məsafədən keçirilməsi və elektron səsvermə sistemi olan E-vote istifadəyə verilib. Əlavə olaraq, məlumatların düzgünlük və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə mərkəzi depozitar sisteminin İAMAS-a eyni zamanda ASAN imza və SİMA-ya qoşulmaları həyata keçirilib.

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi İdarə Heyətinin sədrinin müşaviri Müşfiq Əhmədli bu gün Bakıda keçirilən 12-ci Beynəlxalq "Caspian Investment Forum"unda deyib.

O bildirib ki, bu çərçivədə ASAN Pay ödəniş sisteminə qoşulma da ötən həftə tamamlanaraq istifadəyə verilib: "Artıq MDM tərəfində göstərilən xidmətlər üzrə xidmət haqlarını ASAN Pay vasitəsilə ödəmək mümkündür.

Kapital bazarlarının dayanıqlı inkişafında güclü və effektiv infrastrukturun rolu zəruridir və ekosistemin fundamental asasını təşkil edir. Kapital bazarları üzrə infrastruktur dedikdə ilk ağıla gələn ticarət platformaları olsa da, lakin arxa fonda bu ticarətlər üzrə hesablaşmaların həyata keçirilməsi, eyni zamanda ticarət olunan maliyyə alətlərinin rəqəmsal olmaqla təhlükəsiz şəkildə saxlanılmasıda əsas amillərdəndir:

"İnfrastrukturun dayanıqlı və effektiv olması və bu çərçivədə investorların hüquqlarının qorunması kapital bazarına olan inamın artmasına və daha çox iştirakçının bazara daxil olmasına səbəb olur.

Azərbaycanda kapital bazarı ekosistemində mərkəzi depozitar funksiyası kimi Milli Depozit Mərkəzi təməl infrastruktur təminatçısı olaraq çıxış edir. MDM-in əsas funksionallığı emissiya edilən bütün qiymətli kağızların saxlanılması və reyestrinin aparılması, eyni zamanda ticarət olunan bütün maliyyə alətləri üzrə klirinq və hesablaşmaların həyata keçirilməsidir. Bundan əlavə, MDM ödəniş agenti kimi də fəaliyyət göstərir və bu sahədə uzunmüddətli təcrübəyə malikdir. Məhz bu təcrübənin nəticəsi olaraq emissiya edilən borc alətlərinin əksəriyyəti üzrə ödəniş agenti funksiyası MDM-ə həvalə edilir.

Kapital bazarlarında infrastruktur təmin edən iştirakçıların əsas missiyası və öhdəliyi daim innovasiyalara açıq olması və etibarlı xidmət göstərməsidir. MDM də bunu əsas götürərək strateji inkişaf planında kapital bazarının inkişafına hədəflənən etibarlı, effektiv və dayanıqlı depozitar ekosistemin formalaşdırılması və rəqəmsal xidmətlərin genişləndirilməsini missiya olaraq müəyyən edib".

Onun sözlərinə görə, bu istiqamətdə MDM beynəlxalq tələblərə cavab verən çox funksional yeni depozitar və hesablaşma sisteminin tətbiqini həyata keçirdi:

"Bu sistem qiymətli kağızlarla bir çox əməliyyatları o cümlədən törəmə maliyyə alətlərini dəstəkləyir. Bununla bərabər İnvestor portal adlandırdığımız əlavə modulun istifadəyə verilməsi investorlara real vaxt rejimində sahib olduqları bütün hesablarını və portfellərini izləmək imkanı yaradıb. Yeni sistem inteqrasiyalara açıq olduğundan, bir çox investisiya şirkətləri real vaxt rejimində MDM sistemindən məlumatları əldə edərək öz müştərilərinə təqdim edə bilirlər. Bunun nəticəsi olaraq ötən il Azərbaycan Beynəlxalq Bankının səhmlərinin kütləvi yerləşdirilməsi zamanı investorlara məsafədən hesablarının açılması və daha sonra bu səhmlərin təkrar bazarda ticarəti üzrə sifarişlərini vermə imkanı yaradıldı. Və nəticə olaraq qısa zamanda 30 mindən çox investora xidmət göstərildi və bu təkrar bazarda ticarət həcmlərinin artmasına təkan verdi".

"Kapital bazarlarının inkişafında beynəlxalq bazarlara çıxışın əhəmiyyəti danılmazdır. Beynəlxalq bazarlara çıxış investorlara portfellərində diversifikasiya imkanlarını artırmağa şərait yaradır. MDM bu istiqamətdə lazımi əlaqələrin və infrastrukturun qurulmasını hədəfləmişdir. Artıq Türkiyə Mərkəzi Depozitarı olan Merkezi Kayıt Kuruluşu ilə qarşılıqlı hesablar üzrə əlaqələr qurulub və yerli maliyyə institutları bu əlaqələr vasitəsilə Türkiyə kapital bazarında qiymətli kağızlara yatırım edə bilirlər. Bundan əlavə, Avropa kapital bazarlarına artan maraq nəticəsində MDM, əsas qlobal kastodianlar olan Euroclear və Clearstream ilə əlaqələrin qurulmasını hədəf kimi müəyyən etmiş və bu istiqamətdə işlərə başlayıb. MDM bu kastodianlarda hovuz hesabı açdıqdan sonra yerli investorlar Avropa bazarında aldıqları qiymətli kağızları daha səmərəli və təhlükəsiz şəkildə saxlamaq imkanı əldə edəcəklər.

Kapital bazarının inkişafında ən vacib amillərdən biri də ticarət edilə bilən alətlərin çeşidinin artırılmasıdır. Bəzən lazımi infrastrukturun olmaması bu prosesə maneələr yarada bilir. Məsələn, Azərbaycanda son dövrlərdə investisiya fondlarına maraq artsa da, bu fondlar üzrə fəaliyyət göstərən depozitar xidmətlərinin olmaması çətinliklər yaradırdı. Belə ki İnvestisiya Fondları Haqqında qanuna əsasən investiya fondları təsis edilən zaman onlara xüsusi depozitarlar tərəfindən xidmət göstərilməsi vacibdir. Lakin, özəl depozitarların yaradılması iqtisadi baxımdan səmərəli olmadığı üçün heç bir maliyyə institutu tərəfində bununla bağlı təşəbbüs göstərilməyib. Bazar iştirakçılarına da məlum olduğu kimi, son dövrlərdə qanunvericiliyə edilən dəyişikliklərə əsasən, artıq MDM investisiya fondlarına depozitar xidmətlər göstərmək imkanı əldə edib. Biz bu istiqamətdə işlərə başlamışıq və ilkin əməliyyat sxemləri tərəfimizdən hazırlanıb. Düşünürəm ki, bu xidmətin tətbiq edilməsi yerli kapital bazarında investisiya fondlarının yaradılması və alternativ investisiyaların inkişafına öz töhfəsini verəcəkdir", - Müşfiq Əhmədli qeyd edib.

"Daha öncə vurğuladığım texnoloji innovasiyalar yeni imkanlar yaratmaqla bərabər ciddi risklər də yaratmaqdadır. Depozitar infrastrukturu nöqteyi-nəzərindən kiberhücumlar ciddi təhdidlər doğurur. Bu istiqamətdə müvafiq tədbirlərin həyata keçirilməməsi həssas məlumat itkisinə və əməliyyat gecikmələrinə səbəb ola bilər. Bu səbəbdən, MDM-in inkişaf strategiyasında informasiya təhlükəsizliyinin gücləndirilməsi təşəbbüsünə böyük önəm verilmiş və bu istiqamətdə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə mütəmadi kiberdayanıqlığın gücləndirilməsi üzrə məlumat mübadiləsini həyata keçirilir. Hazırda veb tətbiqlərin təhlükəsizliyi, imtiyazlı istifadəçilərə nəzarət və kibertəhdidlərin aşkarlanması sistemləri real rejimdə tətbiq edilir.

Əlavə olaraq bildirim ki, MDM-in informasiya ehtiyatları Hökümət Buluduna köçürülmüş və ehtiyat mərkəzi yaradılıb. Bu tədbir kritik informasiya infrastrukturunun təhlükəsizliyi və fövqəladə hallarda dayanıqlılığın təmin edilməsinə hesablanıb.

Sonda onu bildirmək istərdim ki, MDM kapital bazarlarının inkişafında dayanıqlı və innovativ həllərin tətbiqini əsas prioritetlərdən biri hesab edir. Biz qarşıdakı illərdə də həm yerli, həm də beynəlxalq bazarlarla əlaqələri genişləndirərək, bazar iştirakçılarına daha etibarlı, şəffaf və səmərəli xidmətlər təqdim etmək üçün səylərimizi artıracağıq. Kapital bazarlarının uzunmüddətli və dayanıqlı inkişafı üçün infrastruktur təminatçısı olaraq, yeni texnologiyaların və beynəlxalq təcrübələrin tətbiqini davam etdirəcəyik", - deyə MDM rəsmisi vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti