Bakı. Trend:
Beynəlxalq Valyuta Fondu və Dünya Bakı kimi beynəlxalq maliyyə institutları inkişaf etməkdə olan ölkələrin borclarının azaldılması və iqlim layihələrinin dəstəklənməsində mühüm rol oynaya bilərlər.
Bunu Trend-in sualına verdiyi cavabda Beynəlxalq Nizami Gəncəvi Mərkəzinin həmsədri, Dünya Bankının keçmiş vitse-prezidenti İsmayıl Serageldin 12-ci Bakı Qlobal Forumuna həsr olunmuş mətbuat konfransında deyib.
Serageldin vurğulayıb ki, inkişaf etməkdə olan ölkələrin borc probleminin həlli yollarından biri borc öhdəliklərinin iqlim layihələrinin maliyyələşdirilməsinə yönəldilməsi mexanizmi, yəni “eskrou-hesablar” vasitəsilə həyata keçirilə bilər.
“Beynəlxalq maliyyə institutları bir sıra ölkələrdə həddən ziyadə riskli hesab oluna biləcək layihələrə investisiyaları stimullaşdırmaq üçün özəl sektora zəmanətlər verə bilər. Özəl investorlar, adətən, yerli hökumətlərə və ya yerli valyutanın məzənnnəsinə güvənmirlər, hərçənd beynəlxalq zəmanətlər onların cəlb olunmasında mühüm rol oyanaya bilər”, - deyə o bildirib.
İsmail Serageldin əlavə edib ki, hazırda idarə olunan özəl maliyyə aktivlərinin həcmi dünya üzrə təxminən 470 trilyon dollar təşkil edir.
Onun sözlərinə görə, iqlim layihələrinə 1-2 trilyon dollar investisiya cəlb edilməsi tam mümkündür, sadəcə, bunun üçün özəl sektoru bu təşəbbüslərə investisiya qoymağa inandırmaq lazımdır.
"Bu prosesdə beynəlxalq agentliklər katalizator rolunu oynaya, borc yükünü stabilləşdirə və özəl investorların inkişaf etməkdə olan ölkələrin bazarına daxil olmasına kömək edə bilər", – deyə o əlavə edib.