Bakı. Trend:
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Ərzaq Qiymətləri İndeksi (FFPI) 2025-ci ilin fevral ayında orta hesabla 127.1-ə bərabər olub. Bununla da ərzaq qiymətləri indeksi yanvar ayı ilə müqayisədə 1.6%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 8.2% artıb.
Trend-in rəsmi mənbədən əldə etdiyi məlumata görə, dövr ərzində taxıl, bitki yağları, şəkər, süd məhsulları üzrə qiymət indeksi artıb, ət məhsulları üzrə isə azalıb.
TAXIL MƏHSULLARI (DƏNLİ BİTKİLƏR)
Taxıl məhsullarının Qiymət İndeksi fevral ayında orta hesabla 112.6 bənd təşkil edib:
- yanvar ayına nisbətən 0.8 bənd (0.7%) artıb;
- ötən ilin müvafiq dövrü ilə müqayisədə 1.2 bənd (1.1%) azalıb .
Taxıl məhsullarının qiymət indeksinin artmasının əsas səbəbləri:
- Rusiya Federasiyasında daxili tədarükün artması və Rusiya və ABŞ-də əlverişsiz məhsul şəraiti ilə bağlı narahatlıqlar fonunda buğda qiymətinin artması;
- Argentinada məhsul şəraitinin pisləşməsi, Braziliyada mövsümi tədarükün artması, ABŞ-də yüksək tələbatın olması fonunda qarğıdalı qiymətinin artması;
- Sorqo və arpa qiymətinin artması
BİTKİ YAĞLARI
Bitki yağı Qiymətləri İndeksi fevral ayında orta hesabla 156.0 bənd təşkil edib:
- yanvar ayına nisbətən 3.0 bənd (2.0%) artıb;
- ötən ilin müvafiq dövrü ilə müqayisədə 35.1 bənd (29.1%) artıb.
Bitki yağları qiymət indeksinin artmasının əsas səbəbləri:
- Cənub-Şərqi Asiya istehsalçı ölkələrində mövsümi olaraq aşağı hasilat və İndoneziyada biodizel sənayesindən artan tələb fonunda palma yağı qiymətinin artması;
- Günəbaxan və kolza yağı tədarükünün artması fonunda qiymətlərinin artması;
- Soya yağı qiymətinin artması
ƏT MƏHSULLARI
Ət Qiyməti İndeksi fevral ayında orta hesabla 118.0 bənd təşkil edib:
- yanvar ayına müqayisədə 0.1 bənd (0.1%) azalıb;
- ötən ilin müvafiq dövrü ilə müqayisədə 5.4 bənd (4.8%) artıb.
Ət məhsulları qiymət indeksinin azalmasının əsas səbəbləri:
- Braziliyada yüksək təklif fonunda mal əti qiymətinin azalması;
- Braziliyada yüksək tədarük fonunda quş əti qiymətinin azalması;
- Donuz əti qiymətinin azalması
SÜD MƏHSULLARI
Süd məhsullarının Qiymətləri İndeksi fevral ayında orta hesabla 148.7 bənd təşkil edib:
- yanvar ayı ilə müqayisədə 5.7 bənd (4.0%) artıb;
- ötən ilin müvafiq dövrü ilə müqayisədə 28.0 bənd (23.2%) artıb.
Süd məhsullarının qiymət indeksinin artmasının əsas səbəbləri:
- Pendirə olan tələbatın artması fonunda qiymətinin artması;
- Okeaniyada süd istehsalının azalması fonunda kərə yağı qiymətinin artması;
- Yağsız süd tozu qiymətinin artması
ŞƏKƏR
Şəkər Qiymət İndeksi fevral ayında orta hesabla 118.5 bənd təşkil edib:
- yanvar ayına nisbətən 7.3 bənd ( 6.6%) artıb;
- ötən ilin müvafiq dövrü ilə müqayisədə 22.2 bənd (15.8%) azalıb.
Şəkər məhsulları üzrə qiymət indeksinin artmasının əsas səbəbləri:
- Hindistanda istehsal perspektivlərinin azalması, 2024/25 mövsümündə qlobal tədarükün yüksək olması və Braziliyada son quraq hava şəraitinin yaratdığı narahatlıqlar fonunda dünya şəkər qiymətinin artması;
- Braziliya realının ABŞ dollarına nisbətdə möhkəmlənməsi
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin fevral ayında Azərbaycanda istehlak qiymətləri indeksi 2024-cü ilin fevral ayına nisbətən 105,5 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 105,7 faiz, qeyri-qida məhsulları üzrə 102,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 107,4 faiz təşkil edib.
Məlumata görə, cari ilin fevral ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,7 faiz, yanvar-fevral aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 105,4 faiz təşkil edib.
Hesabat dövründə qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,4 faiz, yanvar-fevral aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 105,3 faiz təşkil edib.
2025-ci ilin fevral ayında qeyri-qida məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,2 faiz, yanvar-fevral aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 102,7 faiz təşkil edib.