Bakı. Trend:
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) “Regional İqtisadi Perspektivlər” adlı hesabatının fevral buraxılışında dərc olunmuş Azərbaycanın ÜDM üzrə artım proqnozlarını saxlayıb.
Trend xəbər verir ki, may buraxılışına əsasən, AYİB-in proqnozuna görə, 2025-ci ildə Azərbaycanda ÜDM-in 3 faiz artacağı, 2026-cı ildə isə artımın 2,5 faizə qədər zəifləyəcəyi gözlənilir.
Qeyd edək ki, 2023-cü ildə bu göstərici 1,4 faiz, 2024-cü ildə isə 4,1 faiz təşkil edib.
“2024-cü ildə Azərbaycanın iqtisadiyyatı qeyri-neft sektorun inkişafı və dövlət investisiyaları hesabına inamlı artım nümayiş etdirib. 2024-cü ildə real ÜDM 2023-cü ildəki 1,4 faizlə müqayisədə 4,1 faiz artıb, qeyri-neft sektoru isə 2023-cü ildəki 3,7 faizlə müqayisədə 6,2 faiz artım göstərib.
Neftdənkənar artımın əsas lokomotivləri tikinti, informasiya və kommunikasiya texnologiyaları, nəqliyyat və turizm sahələri olub. İqtisadi fəallıq əhalinin real gəlirlərinin artması və infrastruktur layihələrinə yatırılan investisiyalarla dəstəklənib.
Eyni zamanda, Avropada tələbatı qarşılamaq üçün qaz hasilatının artması nəticəsində 2024-cü ilin martında neft-qaz sektoru da yenidən artım trayektoriyasına qayıdıb. 2025-ci ilin birinci rübündə isə real ÜDM illik ifadədə cəmi 0,3 faiz artıb, halbuki 2024-cü ilin eyni dövründə bu göstərici 4 faiz olmuşdu. Bu isə neft-qaz sektorundakı hasilatın azalmasının qeyri-neft sektorunda davam edən artımı kompensasiya etməsi ilə izah olunur”, - deyə hesabatda qeyd olunur.
Eyni zamanda, AYİB vurğulayır ki, inflyasiya aşağı səviyyədə qalıb – 2024-cü ilin aprelində illik ifadədə 0 faizlə (son doqquz ildən çox müddətdə ən aşağı səviyyə), 2025-ci ilin martında isə 5,9 faizə qədər dəyişib. Son artım ərzaq məhsulları və xidmətlərin bahalaşması ilə əlaqələndirilir. Bununla belə, inflyasiya Azərbaycan Mərkəzi Bankının (AMB) hədəf diapazonu olan 4 faiz (±2 faiz) çərçivəsində qalır.