Budapeşt. Trend:
Özbəkistan türk dövlətləri arasında ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün bir sıra təşəbbüslərlə çıxış edir.
Trend-in xüsusi müxbiri xəbər verir ki, bunu Özbəkistan Respublikasının prezidenti Şavkat Mirziyoyev TDT-nin dövlət başçıları şurasının Budapeştdə keçirilən zirvə toplantısında çıxışı zamanı deyib.
“Qarşımızda konkret bir məqsəd var – qarşıdakı illərdə qarşılıqlı ticarətin payını əhəmiyyətli dərəcədə artırmaq”, – deyə Mirziyoyev qeyd edib.
Bu kontekstdə o, “TurkTrade” adlı onlayn platformanın işə salınmasını, ticarətin stimullaşdırılması, Trans-Xəzər beynəlxalq nəqliyyat dəhlizinin inkişafı, həmçinin, gömrük və sərhəd prosedurlarının sadələşdirilməsi üzrə praktiki proqramın qəbul olunmasını təklif edib.
Özbəkistan Prezidenti TDT ölkələri arasında “vahid pəncərə” və “yaşıl dəhliz” sistemlərinin sürətlə tətbiqinə çağırıb. O, həmçinin, bu ilin noyabr ayında Daşkənddə türk dövlətlərinin çoxmodal daşıma və logistika üzrə Beynəlxalq Forumunun keçiriləcəyini elan edib.
Şavkat Mirziyoyev Türk İnvestisiya Fondunun praktiki fəaliyyətə başlamasının vacibliyini vurğulayıb və qeyd edib ki, bu, “şübhəsiz, ölkələrimiz arasında investisiya axınlarının güclənməsinə töhfə verəcək”.