Əlcəzair. Trend:
İslam İnkişaf Bankı əsas infrastruktur və layihələrin maliyyələşdirilməsini davam etdirməyə hazırdır.
Trend-in xüsusi müxbiri xəbər verir ki, bunu İslam İnkişaf Bankı Qrupunun (IsDB) baş iqtisadçısı Arif Süleyman İslam İnkişaf Bankının (IsDB) İllik Toplantısı çərçivəsində Əlcəzairdə keçirilən “Baxışdan fəaliyyətə: struktur keçidinin hərəkətverici qüvvəsi kimi iqtisadi şaxələndirmə” mövzusunda panel müzakirəsində bildirib.
O, investisiyaların cəlb olunması üçün sabit makroiqtisadi mühitin olmasının vacibliyini vurğulayıb.
“Tarazlaşdırılmış büdcə siyasəti, proqnozlaşdırıla bilən tənzimləmə mühüm əhəmiyyət kəsb edir. Hüquqi və normativ mühit haqqında artıq danışmışıq. Müqavilə hüququ və hüquqi baza son dərəcə vacibdir. Bununla yanaşı, yeni kapitala, uyğun bacarıqlara və onların müxtəlifliyinə investisiya yatırılması da önəmlidir”, – deyə Süleyman qeyd edib.
Onun sözlərinə görə, əsas infrastrukturun, kifayət qədər enerji təchizatının və digər vacib şərtlərin mövcudluğu olduqca zəruridir. Bunlar olmadıqda, özəl sektorun ölkəyə daxil olmağa maraqı olmur.
“Güclü innovasiya və sənaye siyasəti, maliyyə resurslarına çıxış – bu təkcə mövcudluq deyil, həm də dəyər baxımından əhəmiyyətlidir – ticarət və regional inteqrasiya, qlobal əlavə dəyər zəncirlərinə çıxış, keyfiyyətli infrastruktur, sosial və ekoloji məsuliyyət – bütün bunlar özəl sektorun diqqət yetirdiyi amillərdir”, – deyə o vurğulayıb.
Arif Süleyman əlavə edib ki, İslam İnkişaf Bankı öz fəaliyyətini dayanıqlı inkişafın dəstəklənməsinə yönəldir.