Bakı. Trend:
Aprel ayından başlayaraq Maliyyə Nazirliyi tərəfindən vahid xəzinə hesabının sərbəst qalığının kommersiya banklarında yerləşdirilməsi məqsədilə keçirilən depozit hərracları nəticəsində bank sektorunda likvidliyin artması AZIR indeksinə azaldıcı təsir edib.
Bu barədə Trend Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Bildirilib ki, ötən ilin ikinci yarısının bir çox aylarında hökumət hesabları qalığının artımı qısamüddətli faizlərə artırıcı təsir edirdi.
“Bu şəraitdə Mərkəzi Bank açıq bazar əməliyyatlarını intensivləşdirmiş, artan likvidliyin əhəmiyyətli hissəsi Mərkəzi Bankın əsas alətinə çevrilməkdə olan 1 həftəlik əməliyyatlarla sterilizasiya olunub. Sterilizasiya yönümlü açıq bazar əməliyyatlarının effektivliyini artırmaq üçün pul siyasətinin əməliyyat çərçivəsində dəyişiklik edilib, 7 günlük repo əməliyyatı 7 günlük depozit əməliyyatı ilə əvəzlənib”, - məlumatda vurğulanıb.
“Pul bazarında aktivlik yüksək olaraq qalır. 2025-ci ilin 5 ayında ötən ilin müvafiq dövrünə nəzərən təminatsız bazarda əqdlərin həcmi 1.6 dəfə, sayı isə 1.8 dəfə artıb”, - deyə məlumatda qeyd olunub.