...

Azərbaycan və Kuba doqquz sahədə əməkdaşlığa dair protokol imzalayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Dekabr 2007 18:37 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir A.Bədəlova/ Azərbaycan və Kuba arasında ticarət, sənaye, energetika, maliyyə, kənd təsərrüfatı, təhsil, səhiyyə, turizm, idman sahəsində əməkdaşlığın inkişafına dair protokol imzalanıb. Bu barədə İqtisadi İnkişaf Nazirliyinin cümə günü yayılan məlumatında bildirilir.

İclasda qarşılıqlı iqtisadi əlaqələrin inkişaf perspektivləri geniş müzakirə olunub, Azərbaycan və Kuba arasında noyabrın 30-da keçirilən Hökumətlərarası Birgə Komissiyanın I iclasının yekunları barədə Protokol imzalanıb. İqtisadi inkişaf naziri, Komissiyanın Azərbaycan Respublikası tərəfdən həmsədri cənab Heydər Babayev nümayəndə heyətinə başçılıq edib.

Sənəddə Kubanın Xarici İnvestisiyalar və İqtisadi Əməkdaşlıq Nazirliyi və Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi arasında xarici investisiya mühitinə dair informasiya mübadiləsi, kənd təsərrüfatı və səhiyyə nazirlikləri arasında məlumat mübadiləsinin həyata keçirilməsi, Təcili Tibbi Yardım üzrə və Epidemioloji Nəzarət Sisteminə dair təcrübə mübadiləsi, Poçt xidmətlərinin mübadiləsi məsələləri də əksini tapıb.

Protokola görə, Azərbaycan Neft Akademiyası və Kubanın Texniki Neft İnstitutu arasında əməkdaşlığın genişləndirilməsi, Azərbaycanın kompüter-proqram təminatı bazarında Kuba şirkətlərinin iştirakı, azərbaycanlı idman mütəxəssislərinin müqavilə əsasında Kubaya göndərilməsi də nəzərdə tutulur.

Sahibkarlar arasında əməkdaşlığın təşviq edilməsi məqsədilə, Kubanın Ticarət Palatası və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) arasında əlaqələrin qurulmasına dəstək göstəriləcək. Bundan başqa, sənəddə 2008-ci il 16-18 aprel tarixlərində Bakıda keçiriləcək "AİTF- 2008" Azərbaycan Beynəlxalq Turizm və Səyahət Sərgisinə Kuba Respublikasının turizm şirkətlərinin dəvət edilməsi də nəzərdə tutulur.

Birgə Komissiyanın birgə iclası 2008-ci ildə Bakıda keçiriləcək.

Xəbər lenti

Xəbər lenti