Azərbaycan, Bakı, 16 iyul/ Trend / "Sikorsky Aircraft Corp." şirkəti milli "Azerbaijan Airline"s ("Azərbaycan Hava Yolları" - AZAL) şirkəti ilə iki S-92 VİP vertolyotunun tədarükünə dair müqavilə bağlayıb. Bu barədə "Sikorsky" şirkətinin rəsmi saytında yerləşdirilmiş məlumatda deyilir.
Müqavilə Farnboroda (Böyük Britaniya) beynəlxalq aviasalonda bağlanıb. Vertolyotlar korporativ VİP-missiyalar üçün istifadə ediləcək. Onlar 2011-ci ilin əvvəlində ölkəyə gətiriləcək. Müqavilədə həmçinin dəniz neft əməliyyatlarının dəstəklənməsi üçün əlavə olaraq iki vertolyotun alınması imkanları göstərilib.
"S-92 vertolyotları sübut ediblər ki, onlar VİP daşınmalar da daxil olmaqla müxtəlif missiyalar üçün yaxşı təchiz ediliblər", - "Sikorsky" şirkətinin Avropa üzrə vitse-prezidenti Brüs Makkinni bildirib.