Azərbaycan, Bakı, 13 sentyabr / Trend , müxbir İ.Xəlilova/ Azərbaycan iqtisadiyyatının dinamik inkişafı, ölkənin kredit reytinqinin artması, iri sərmayədarların gəlişi respublikanın maliyyə infrastrukturunun gələcək inkişafına imkan yaradır. Əsası qoyulduğu gündən 15 illik yubileyini qeyd edən "Bakı Banklararası Valyuta Birjası" (Baki Banklararasi Valyuta Birjasi - BBVB) QTSC Azərbaycanın maliyyə sistemində əhəmiyyətli yer tutur. 1993-cü il iyulun 26-da Milli, Beynəlxalq, Əmanət, Sənaye-investisiya və Aqrosənaye bankları Azərbaycanda valyuta birjasının yaradılmasına dair təşəbbüsü öz üzərlərinə götürdülər. Azərbaycanın maliyyə sisteminin vacib halqası olan BBVB fəaliyyətə başlayandan valyuta bazarının yaradılması hədəfini izləyib.
Maliyyə xidmətləri spektrinin genişlənməsi gələcəkdə birja meydançasının formalaşmasının universallığı prinsipini qabaqcadan müəyyən etdi. BBVB və onun səhmdarlarının ölkədə ilk dəfə realizə etdiyi layihələr arasında Maliyyə Nazirliyinin Dövlət Qısamüddətli Emissiyalarının (DQİ) dövriyyəsinə xidmət göstərilməsini, səhmlərlə birinci birja ticarətlərinin təşkili, dövlət qiymətli kağızları ilə əməliyyatların uçotu üçün elektron depozitarinin yaradılması, listinq üzrə xüsusi Komissiyanın təsis edilməsini, birinci banklararası kredit hərracları, həmçinin universal ticarət-hesablama birja kompleksinin işə buraxılmasını göstərmək olar. Sonuncu layihə birjanın 2001-ci ildə işə buraxdığı və Qafqazda ilk birja elektron ticarət sistemi olan BEST informasiya-ticarət sistemi oldu.
Trend BBVB QTSC-nin rəhbəri Fərhad Əmirbəyovdan Bakı Banklararası Valyuta Birjasının fəaliyyəti və birja ticarətinin perspektivləri ilə bağlı sualları cavablandırmağı xahiş edib.
- Bakı Banklararası Valyuta Birjası 15 illiyini qeyd etdi. Bu, çox əlamətdar bir tarixdir və birja işi Azərbaycanda inkişafın müasir mərhələsinin iqtisadi islahatların başlanması ilə bağlı olduğunu göstərir. Şəxsən Sizin üçün bu tarix nə deməkdir?
- Hesab edirəm ki, BBVB-nin təsis edilməsi Azərbaycanda müasir maliyyə sistemi və bazar iqtisadiyyatının yaradılmasına doğru atılan önəmli addımlardan biri olub. Ölkədə valyuta birjası yaradıldıqdan sonra, təşkil olunmuş valyuta bazarı yarandı. Əslinə qalsa, o elə bu vaxtdan banklararası bazar oldu. Belə ki, birjada valyuta ticarətinin başlaması ilə nəqd valyutanın "qara bazarı" itdi. Bununla yanaşı, valyuta ticarətinin tətbiqi və milli valyutanın bazar məzənnəsinin müəyyən edilməsi yalnız işgüzar dairələr deyil, əhali tərəfindən də alqışlanırdı. Düşünürəm ki, birja bazar iqtisadiyyatına keçidə öz töhfəsini verib. Təsadüfi deyil ki, birja valyuta bazarının işə başladığı ilk günlərdən manatın birja məzənnəsi ən vacib iqtisadi indikatorlardan biri olub.
Növbəti illərdə bazarda möhkəm mövqelər tuta, bankların etibarını qazana, ən qabaqcıl birja və informasiya texnologiyalarını tətbiq edə bilmişik. Birjanın adında "valyuta" sözünün xatırlanmasına baxmayaraq, BBVB qiymətli kağızlar bazarının qurulmasında da pioner olub. Azərbaycanda qiymətli kağızlar bazarının formalaşması, kommersiya banklarının təkrar maliyyələşdirmə mexanizminin inkişafı, pul bazarının işə salınması tarixi bizim birjanın adı ilə ayrılmaz surətdə bağlıdır. Beləliklə, BBVB-nin 15 illiyini qeyd edərək, əslində maliyyə bazarının bütün iştirakçıları və o cümlədən bank ictimaiyyəti üçün həqiqətən də əlamətdar yubileyi bayram edirik. Etiraf edirəm ki, 15 illik inkişaf yolu fasiləsiz özünütəkmilləşdirmə prosesidir.
- Azərbaycanda birja işinin inkişaf perspektivlərini necə qiymətləndirirsiniz?
- Mənə elə gəlir ki, ölkəmizdə birja işinin böyük inkişaf potensialı var. Bilirsiniz, axı Azərbaycanda birja hərəkatının tarixi ümmumiyyətlə qədimdir. Bakıda ilk birjanın yaradılmasından 120 ildən çox vaxt keçib. Bizə Tağıyev, Nağıyev, Əsədullayev və Azərbaycanda birja işinin başlanğıcında dayanan başqa insanların birja ənənələrini davam etdirmək xoşbəxtliyi nəsib olub. Böyük təcrübə toplanıb və bu gün bu təcrübə sayəsində BBVB ticarət və hesablama sistemini vahid texnoloji platformada birləşdirərək Azərbaycanın kapital bazarında mərkəzi yer tutur. Əminəm ki, Azərbaycan iqtisadiyyatının dinamik artımı və birja infrastrukturunun dinamik inkişafı ölkənin maliyyə bazarının cəlbedicliyinin bundan sonra da artmasına imkan yaradacaq.
BBVB yaxın gələcəkdə yeni texnoloji ideyaları, yeni maliyyə alətləri və müştərilər üçün xidmətlər tətbiq etməyi planlaşdırır. Biz birjanın texnoloji infrastrukturunun və risklərin idarəsi sisteminin təkmilləşdirilməsi üzrə işləri davam etdirəcəyik. Birja yeniliklərinin əsas məqsədi yalnız bankların valyuta əməliyyatlarına xidmət göstərməkdən ibarət deyil. Bizim üçün çox vacibdir ki, birja bazarı bank sisteminin inkişafında daha mühüm rol oynamağa başlasın. Bununla əlaqədar, valyuta svopları bazarının işə salınması kimi layihələri göstərmək istərdim. Birja valyuta bazarının inkişafının əsas məqsədi birjada dövriyyə edən qarşılıqlı əlaqəli alətlərin sayının artırılması hesabına onun cəlbediciliyinin yüksəldilməsindən ibarətdir. Bizim perspektivli layihələrimiz də bu məqsədlərə xidmət edir.
- Nəzərə alsaq ki, kredit və texniki risklər mütənasib olaraq tədricən artır, BBVB əməliyyatlar həcminin nə dərəcədə yüksəldilməsinə hazırdır?
- Xatırladım ki, mayın 1-də biz istifadəçilərin yeni ticarət-hesablaşma sisteminə miqrasiyasını müvəffəqiyyətlə başa çatdırdıq. Birja Elektron Ticarət Sisiteminə (BEST) 50-dən artıq ticarət və informasiya terminalları vasitəsilə demək olar ki, bütün banklar qoşulub. Bölgədə ilk birja elektron sistemi olaraq, BEST istismara verildikdən 6 il ərzində Azərbaycanın pul və valyuta bazarının ayrılmaz hissəsinə çevrildi. Bu gün BBVB elektron ticarəti, klirinq, əməliyyatlar üzrə hesablaşmalar və informasiya xidmətlərini təqdim edən və eyni zamanda maliyyə bazarına inteqrasiya olunan bir birja strukturudur. Birja xidmətlərinin göstərilməsində universallıq prinsipləri əsasında qurulmuş bizim sistem, likvidlik və bank risklərinin kompleks şəkildə idarəedilməsi üçün müasir bir platformanın təzahürüdür. BEST banklara nəinki xarici valyutalarla mübadilə əməliyyatları aparmaq, həmçinin vəsaitlərin cəlbetmə və yerləşdirməsi, birjada bağlanmış əqdlər üzrə əməli surətdə hesablaşma aparılması, limitlərin paylaşdırılmasını həyata keçirilmək, eləcədə real vaxt rejimində ölkənin maliyyə bazarı seqmentlərinin monitorinqini aparmaq imkanını verir. Mənim fikrimcə, elektron ticarət sisteminin həm yeni iştirakçıların cəlb edilməsi, həm mübadilə edilən alətlərin sayının artırılması, həm də aparılan əməliyyatların həcmi baxımından gələcək inkişafı üçün kifayət qədər potensialı var.
Ayrıca, texnoloji risklər barəsində də bir neçə söz demək istərdim. Yaxın vaxtlaradək bu kimi risklər heç bir narahatlığa səbəb olmayıb, çünki ticarət sistemində istifadə olunan bütün texniki məsələlər uğurla nəticələnir və tranzaksiyaların xidmət olunmasında heç bir problem yaranmırdı. Dövriyyə və həcm yüksəlməsi və əqdlərin sayının kəskin sürətdə artması şəraitində biz mövcud etibarlılıq ehtiyatını artıran bir sıra ehtimali tədbir görmüşük. Birjanın server kompleksində əhəmiyyətli dərəcədə texnoloji müasirləşdirmə işləri aparmışıq, və bu zaman sərmayələr yalnız yeni avadanlığa deyil, həm də proqram təminatına qoyulub. Nəticədə ticarət sistemimizin etibarlığı bir neçə dəfə artdı.
Təbii ki, BEST-in nümayiş etdiyi imkanlar eynilə Azərbaycanda valyuta bazarının inkişafı üçün, gələcəkdə isə mötəbər dünya maliyyə mərkəzlərinin ticarət sistemlərilə inteqrasiya üçün yeni perspektivlər açır. Güman edirəm ki, birja məhsullarının sırası getdikcə uzanacaq, o cümlədən yeni vədəli alətlər hesabına, bu da öz növbəsində banklara yaranan maliyyə risklərini etibarlı və səmərəli şəkildə xedjinq etməyə kömək edəcək.
- Həmkarlarınızın çoxu Azərbaycanda pul bazarının inkişafı işində BBVB-nin əldə etdiyi uğurlara Sizinlə bərabər sevinir. Birja pul bazarında əməliyyatların həcmi ildən-ilə iki dəfə artır. Sizcə, pul bazarı maliyyə bazarının ayrılmaz hissəsinə çevrilibmi?
- Bəli, bu gün BBVB-də banklararası kredit bazarı pul bazarının dinamik inkişaf edən bir seqmentidir. Lakin mən onu vurğulamaq istəyirəm ki, Azərbaycanda daxili pul bazarının inkişaf etdirilməsi, hər şeydən əvvəl xarici mənfi faktorların təsirinin azaldılması üçün zəruridir. Özünüz bilirsiz ki, qlobal kapital bazarlarının ABŞ-da tuğyan edən ipoteka böhranından sonra durumu heç də yaxşı deyil. Həmin böhranın təsiri bütün dünya bazarlarında özünü biruzə verdi, ələxsus borcalmalar bazarı bu hadisəyə çox həssas reaksiya verdi. Bütün dünyada banklar kredit üzrə faiz dərəcələrini qaldırıb, borcalma alətləri isə müvafiq olaraq əlçatmaz olub. Bu baxımdan biz hesab edirik ki, milli bazarın likvidliyini qoruyub saxlamaq və kommersiya banklarının yenidənmaliyyələşdirilməsi sahəsində tənzimləyici imkanlarının genişləndirilməsi üçün hal-hazırda ən önəmlisi yüksək likvidliyə malik olan pul bazarının yaradılmasıdır. Eyni zamanda, biz bilirik ki, pul bazarının inkişafı kompleks məsələdir və onun həlli bütün marağı olan tərəflərdən sistem yanaşma və iştirakı tələb edir. Likvidli pul bazarının mövcud olması fond bazarının inkişafı üçün də şərait yaradır.
Kəmiyyət göstəriciləri ilə bərabər nəzərinizi pul bazarının birja seqmentinin keyfiyyət durumuna cəlb etmək istəyirəm. BBVB vahid səmərəli fəaliyyət göstərən və yüksəktexnologiyalı daxili pul bazarının formalaşmasına yaxınlaşır, həmçinin bütün iştirakçılar üçün eyni daxilolma şərtləri və kifayət qədər geniş alətlər çeşidi ilə. Təsadüfi deyil ki, pul bazarında ölkənin fəaliyyətdə olan banklarının demək olar ki yarısı fəal ticarət aparır. Onlar dinamik sürətdə öz əməliyyatlarının həcmlərini artırır - bütövlükdə mütəşəkkil pul bazarında əqdlərin həcmi, o cümlədən dilerlərarası REPO ayda 60-70 mln. AZN səviyyəsində qərarlaşıb. Bir əqdin orta həcmi 1,5-2 mln. manat təşkil edir, ən yüksək tələbat isə 60-günlük borclaradır. Pul bazarı, xüsusilə də banklararası kredit bazarı vacib bir alətə çevrilib ki, bu da banklara likvidlik ilə səmərəli idarəetmədə imkan yaradır.
- Demək olarmı ki, pul bazarının inkişaf etməsi maliyyə bazarının bütün iştirakçıları tərəfindən zəruriliyi qeyd olunan faiz dərəcələri indikatorlarının formalaşmasına imkan yaradıb?
- Bazarın vacib bir pul qiymətinin göstəricisi kimi rolu, BakİBOR və BakİBİD ortaölçülü faiz dərəcələrinin dinamikası ilə təsdiq olunur. Bu indikatorların 10-dan çox yaşı var, lakin son illərdə əmsalların göstəriciliyi xeyli yüksəlib. Hal-hazırda həmin göstəricilər sorğu üsulu ilə müəyyən edilmir, onlar BEST pul bazarının market-meykerlərinin faiz dərəcələri əsasında hesablanır. Biz hətta pul bazarında kreditlin cəlbedilmə və yerləşdirilməsi üzrə dərəcə göstəricilərinin yeni formalaşma qaydalarını hazırlamışıq. Bundan əlavə, bank birliyi, ekspert və analitiklər sistemdə faktiki olaraq bağlanılmış əqdlərə əsasən hesablanan faiz dərəcələrinə aid informasiyanı banklararası bazarda pul vəsaitlərinin real bazar qiymətini əks etdirən bir istiqamətləndirici kimi istifadə edə bilərlər. Bunların hamısı ona dəlalət edir ki, BEST pul bazarının üstünlüyü təkcə onun etibarlı və yüksəktexnoloji daxilolma imkanı və ya əqdlərin avtomatlaşdırılmış rejimdə bağlanılmasında deyil, burada əməliyyatların informasiya cəhətdən şəffaflığı da təmin olunur.
- Birja bazarının banklar üçün əhəmiyyətliliyinin, orada tənzimləyici bir qurumun, yəni ölkə Milli Bankının iştirakı olduqda artması fikiri özünü doğruldurmu?
- Hesab edirəm ki, Azərbaycanın Milli Bankı (AMB) kommersiya bankları kimi şəffaf qayda və prosedurları olan yüksəklikvidli banklararası kredit bazarının yaradılmasında maraqlıdır. AMB-nin pul bazarı işinin təşkilindəki iştirakına gəldikcə, ilk illərin təcrübəsini yada salmaq lazımdır, o zamanlari ki, Milli Bank bizim elektron sistemimizin qurulması və fəaliyyət göstərməsi prosesində fəal iştirak edirdi. Xüsusilə qeyd etmək istəyirəm ki, BEST-də eynilə kredit təşkilatlarının yenidənmaliyyələşdirilməsi və Milli Bankın depozit əməliyyatlarının keçirilməsi mümkündür. Sonuncular çox vaxt fond bazarının zəif inkişaf etməsi şəraitində azad pul vəsaitlərinin "əlaqələndirici" və ya böhran yarandığı halda həmin bazarın "yığılması" üçün bir alət kimi istifadə olunur. Bu mənada AMB-nin valyuta SWAP-ları bazarının inkişafında da iştirakı mümkündür, bu da Milli Bankın Notların emitenti kimi üzərinə düşən ağırlığı yüngülləşdirir, yenidənmaliyyələşdirmə əməliyyatları üçün bazanı genişləndirir və bankların məzənnə risklərini xedjinq edir. AMB-nin öz pul-kredit siyasətini keçirərkən mümkün qədər geniş bank dairəsilə əməkdaşlıq etmək meylini nəzərə alaraq, bizim elektron sistemimiz bunun üçün münbit bir şərait yaradır. Çünki bu sistem hər bir bank üçün ölkənin istənilən bölgəsində İnternet vasitəsilə etibarlı və ucuz daxilolma imkanını təqdim edir.
- Bank birliyində Qafqaz Universal Birjasının yaradılması təşəbbüsü dəstəklənib. Sizcə, bu layihənin gerçəkləşməsi nə qədər tez mümkün olacaq?
- 2007-ci ilin may ayında Tbilisidə "Banklar və Maliyyələr" adlı II Beynəlxalq Qafqaz konfransının keçirilməsi çərçivəsində Azərbaycan və Gürcüstan bank birliklərinə bir növ yenilik kimi belə bir birjanın yaradılması təklif olundu. Söhbət vahid regional universal birjasının yaranmasından gedir. Bizim fikrimizcə, bu cür birjanın mövcud olması maliyyə bazarının peşəkar iştirakçılarına bazarın bütün seqmentlərinə daxilolma imkanı yaradacaq, dövlət tənzimləyici orqanlar üçün isə iki ölkənin maliyyə bazarlarının inkişaf etdirilməsi sahəsində gələcəkdə vahid və razılaşdırılmış strategiyanın aparılmasına dəstək olacaq. Bəllidir ki, bir birja çərçivəsində bir neçə bazarın birləşməsi investor, emitent və dövlət tənzimləyici orqanların marağına müvafiqdir.
Hələki, biz Tbilisi Banklararası Valyuta Birjası (TICEX) ilə birlikdə ticarət sessiyalarının keçirilmə qaydalarının vahid şəklə salınması imkanlarını nəzərdən keçiririk və inteqrasiya etmiş və ya vahid ticarət-hesablaşma sistemi interfeysinin yaradılmasının məqsədəuyğunluğunu öyrənməyi planlaşdırırıq. Tbilisi Banklararası Valyuta Birjası ilə əməkdaşlıq haqqında bağlanmış razılaşmaya əsasən, birgə illik proqram tərtib olunub. Bu proqrama görə, 2008-ci ilin sonuna qədər BBVB və TICEX öz ticarət sistemlərinin inteqrasiyası üzrə təkliflərini irəli sürməlidirlər. Burada söhbət bir üstün mərkəzin yaradılmasından deyil, amma elə bir inteqrasiya etmiş ticarət sistemindən gedir ki, eyni interfeysdə öz milli bazarlarında aparılan əməliyyatları eyni zamanda dəstəkləyə bilsin, eləcədə bir bazarın operatorları digər bazarda öz əməliyyatlarını keçirə bilsinlər. Bu baxımdan vahid regional birjanın yaranması modelini maliyyə mərkəzinin yaradılması üçün institusional bir baza kimi qəbul etmək lazımdır. Belə olduğu halda tamamilə aydındır ki, bizim servis xidmətlərimiz ən yüksək dünya standartlarına uyğun olmalıdır.
- Bəs bunu regional maliyyə mərkəzi yaradılmasının birinci mərhələsi kimi qəbul etmək olmaz?
- Olar, lakin regional səviyyədə milli maliyyə mərkəzinin yaradılması - asan məsələ deyil. Birincisi, xarici təcrübənin öyrənilməsi mütləqdir. İkincisi, regional maliyyə mərkəzini inkişaf etmiş milli maliyyə bazarı olmadan qurmaq mümkün deyil. İlk növbədə bank, emitent və investorlar üçün cəlbedici daxili maliyyə bazarının yaradılması çox vacibdir. Məhz belə bir bazar əcnəbi investorlar üçün cəlbetmə bir mərkəzinə çevrilə bilər. Frankfurt, Nyu-York, London, Honqkonq, Sinqapur, İstanbul, Mumbay - bunlar əsl mənada beynəlxalq və regional maliyyə mərkəzləridir. Buna baxmayaraq, sadalanan birja bazarları ilk növbədə milli iştirakçılarının imkanlarına arxalanır. Ancaq yaddan çıxarmayın ki, Azərbaycan bankları, maliyyə qurumları və real sektor ölkədə lüzumlu şəraitin yaranmasını daim gözləyə bilməzlər. Artıq geniş alətlər çeşidi təklif edən xarici banklarda kreditlə təmin olunan Azərbaycan şirkətlərinin sayı artır. Aydındır ki, bölgədə vahid birja mərkəzinin yaradılması nəinki Azərbaycanın dünya bazarına daha sıx inteqrasiyasını təmin edəcək, həmçinin ölkənin maliyyə sisteminə yüksək davamlılıq verəcək. Burada isə birja bazarının maliyyə sisteminin bir infrastruktur elementi kimi önəmliliyi bir sıra unikal funksiyaların icra olunmasından asılıdır ki, onların icra oluması bazarın digər institutları tərəfindən ya mümkün deyil, ya da çox çətindir. Səmimi olaraq inanıram ki, bu planların həyata keçməsi hərrac iştirakçılarına ən yüksək dünya təcrübəsi səviyyəsində xidmət təqdim etməklə yanaşı bizim mövqelərimizi möhkəmləndirəcək və tamhüquqlu regional maliyyə mərkəzinin yaranmasının bünövrəsini qoyacaq.
Sentyabrın 12-nə olan cari mübadilə məzənnəsi -- 0,8155 AZN/USD.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]