...

Bankın 2009-cu ildə əsas hədəfi - institusional inkişafdır – "Bank of Azerbaijan"ın İdarə Heyətinin sədr müavini ilə müsahibə

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Mart 2009 14:20 (UTC +04:00)
Bankın 2009-cu ildə əsas hədəfi - institusional inkişafdır – "Bank of Azerbaijan"ın İdarə Heyətinin sədr müavini ilə müsahibə

Azərbaycan, Bakı, 02 mart / Trend / 

Ötən həftə "Bank of Azerbaijan" biznes-kreditlər sahəsində ilin brendi seçilib və Brand Award Azerbaijan-2008 mükafatına layiq görülüb. Bu mükafat il ərzində istehlakçılar arasında rəğbət qazanan və ən çox maraq doğuran şirkət və təşkilatların təqdim etdikləri məhsul və xidmətlərin ən tanınmış brendlərinə verilir. Mükafat, kütləvi tələbat məhsullarından tutmuş korporasiyaların imici və maliyyə xidmətlərinə qədər geniş spektrli brendlərin yaradılmasında əldə olunan nailiyyətləri nəzərə alır.

Beləliklə, Xəzər İnteqrasiya İşgüzar klubu və "Caspian Energy" beynəlxalq mediaqrupu, Sənaye və Energetika, Vergilər, Rabitə və İnformasiya Texnologiyaları nazirliklərinin və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin dəstəyilə təqdim edilən bu mükafata respublikanın ən inkişaf etmiş və etibarlı banklarından biri layiq görülüb. 

"Bank of Azerbaijan"ın satış üzrə İdarə Heyətinin sədr müavini Kamran Heydərov trend.az-a müsahibəsində bankın yaxın gələcək üçün planları və 2009-cu ildə bankın inkişaf proqramı haqda məlumat verib.

- Məlumdur ki, "Bank of Azerbaijan"ın baş ofisi bu yaxınlarda Rəşid Behbudov küçəsində yerləşən yeni müasir binada məskunlaşacaq, və bu, müştərilərə xidmət göstərilməsində müsbət təsir göstərəcək. Gözlənilən köçmə və bunula əlaqədar olan dəyişikliklər barəsində nə deyə bilərsiniz?

- İlk öncə qeyd etmək istərdim ki, yeni binaya köçmə haqda qərarın qəbul olunmasının bir neçə səbəbi var idi. Birincisi, bankın indiki ofisi həm xarici, həm də daxili görkəmi ilə, xüsusilə də nəfis interyeri ilə köhnə ingilis konservativ bankını xatırladır, bu isə, bankımızın, müştərilərin bütün kateqoriyaları üçün əlçatan və şəffaf olmasına əsaslanan strateqiya və missiyasına heç uyğun deyil.

Digər tərəfdən müştəri bazasının durmadan artması və müvafiq olaraq biznes həcminin artımı bank heyətinin genişləndirilməsi zərurətini yaradır. Əlbəttə, biznes-proseslərin avtomatlaşdırılması baş ofisin kadrlar potensialının təkmilləşdirilməsinin bir qədər təxirə salınmasına səbəb ola bilər, lakin bu, gec və ya tez mütləq reallaşmalıdır.

Yeni bina, öz xarici cəlbedici görünüşü ilə yanaşı, ölkədə mövcud olan bank ofislərinin ən müasirlərindən biri olacaq, çünki onun inşası müştərilərə maksimal keyfiyyətli xidmətin göstərilməsi məqsədilə aparılıb, yəni burada binanın və avtomobillərin dayanacaq yerlərinin rahatlığından tutmuş, depozitari və VİP-müştərilərin xidməti üçün ayrılmış xüsusi otaqların yaradılmasınadək bütün şərait nəzərdə tutulub.

İnstitusional inkişaf nöqteyi-nəzərindən bu köçmə bizim üçün biznesin aparılmasında müəyyən dəyişikliklərin həyata keçirilməsi üçün başlanğıc nöqtədir. Belə ki, yeni ofisdə bankın baş ofisi və mərkəzi filialı bir-birindən funksional cəhətdən təcrid olunacaqlar. Söz düşmüşkən, həmin binanın birinci mərtəbəsində yerləşəcək mərkəzi filialda bankın bütün müştərilərinə ən geniş spektrli xidmət göstəriləcək. Bir sözlə, biz səbirsizliklə yeni ofisin açılışını gözləyirik ki, bizim müştərilərimizi sevindirək.

- Bankda gözlənilən yeniliklər yəqin ki, yeni binaya köçməklə məhdudlaşmayacaq. Yaxın gələcəkdə bank keyfiyyətcə yeni məhsul təklif etmək niyyətindədirmi və əgər belədirsə, bu məhsulun mahiyyəti nədən ibarət olacaq?

- Dünya maliyyə böhranının digər MDB ölkələrindən fərqli olaraq Azərbaycan iqtisadiyyatına əhəmiyyətli dərəcədə təsir etməməyinə baxmayaraq, neftin qiymətinin aşağı düşməsi fonunda yaranan xoşagəlməz hallar, eləcə də bəzi banklar tərəfindən beynəlxalq maliyyə institutlarından alınan xarici borcların ödənilməsində çətinliklərin mövcudluğu göz qabağındadır. Halbuki, yerli banklar bu çətinliklərin öhdəsindən, bəzi hallarda isə hökumət tərəfindən göstərilən məntiqi kömək vasitəsilə gələcək, lakin əhali ümumiyyətlə bazara, xüsusilə də bank sektoruna ehtiyyatla yanaşmağa davam edir. Bununla əlaqədar olaraq bizim bank bu il ərzində bazara bir neçə yeni məhsul təqdim etməyə planlaşdırır ki, bunun sayəsində yəqin ki, əhalinin banka olan etimadı artacaq və maliyyə inamı güclənəcək. Artıq may ayında biz belə bir məhsulun təqdimatını planlaşdırırıq və mən əminəm ki, bu məhsul əhalini maraqlandıracaq. Bundan əlavə, bizim üçün çox böyük əhəmiyyət kəsb edən bankın cari müştərilərinə qarşı loyallıq proqramı üzərində işlər aparılır. Məhsul xəttinə gəldikdə isə, bizim bugünkü təkliflərimiz, məsələn depozit əmanətləri, bazarda ən rəqabət qabiliyyətli məhsullardan biridirlər.

- Məlumdur ki, müştəri bazası ildən ilə artır. Maliyyə böhranına baxmayaraq, bankın rəhbərliyi dəfələrlə yüksək məqsədlər, o cümlədən yeni fərdi və korporativ müştərilərin cəlb olunması haqda bəyanət yayır. Potensial müştərilərinizi gözləyən əsas təkliflər barəsində məlumat verə bilərsinizmi?

- İlk öncə qeyd edim ki, bankın bu il üçün əsas məqsədi institusional inkişaf məsələsidir. Biz daxili biznes-proseslərin tamamilə re-injiniringini, yeni əməliyyatların işlənilməsini, proqram təminatının yeniləşməsini, bankın əməkdaşları üçün treninqlərin keçirilməsini planlaşdırırıq. Başqa sözlə, bu il üçün nəzərdə tutulan əsas məqsədimiz bank işinin keyfiyyətinin və nəticə etibarilə müştərilərlə işin effektivliyinin artırılması, qabaqcıl bank texnologiyalarının və biznesin daha yüksək standartlarla aparılmasıdır, bu isə müştərilərimizə daha keyfiyyətli xidmət göstərilməsinə imkan yaradacaq. Biz, məhz keyfiyyətli xidmət göstərməklə müştərilərlə uzunmüddətli etibarlı münasibətlərin əsasını qoymuş oluruq. 

- Sizin bank əməkdaşlıq sahəsini və spektrini genişləndirərək beynəlxalq maliyyə institutları (BMİ) ilə fəal əməkdaşlığı davam etdirir. Bu gün hansı BMİ ilə siz artıq əməkdaşlıq edirsiniz, hansılarla əməkdaşlığı planlaşdırırsınız və bu əməkdaşlığın mahiyyəti nədən ibarətdir?

- Baxmayaraq ki, BMİ Azərbaycan bankları ilə əməkdaşlığı davam edir, etiraf etmək lazımdır ki, bu əməkdaşlığın miqyası bir qədər azalıb. Buna səbəb, şübhəsiz ki, dünya maliyyə böhranıdır və əgər biz bu müsahibə zamanı artıq ikinci dəfədir ki, bu böhran haqda danışırıqsa, onun Azərbaycanın bank sektoruna olan təsirini nəzərə almamaq düzgün olmazdı. Azərbaycana olan ölkə limitlərinin azalması səbəbindən BMİ tərəfindən maliyyələşdirilmə həcmlərinin azalması, təqdim olunan maliyyələşdirilməyə faiz dərəcələrinin yüksəlməsi, bütün bu amillər Azərbaycan banklarının dünya maliyyə bazarına inteqrasiyasını zəiflədir. Lakin təbii ki, bu prosesi tamamilə dayandırmaq mümkün deyil və "Bank of Azerbaijan" da bu nöqteyi-nəzərdən istisna təşkil etmir. Bizim bankda rəhbərliyin dəyişilməsi beynəlxalq maliyyə institutlarının bizim banka olan marağına müəyyən dərəcədə səbəb oldu və hal-hazırda bir neçə iri layihənin maliyyələşdirilməsi məqsədilə bir sıra BMİ ilə danışıqlar aparılır. Bu il həmçinin müxbir əlaqələr şəbəkəsini genişləndirmək, eləcə də xarici bankların inkişaf proqramlarında iştirak etmək planlaşdırılır. 

- Bu gün "Bank of Azerbaijan" kifayyət qədər geniş filiallar şəbəkəsinə malikdir - bankın müştərilərinə ölkə ərazisində 18 filial xidmət göstərir. Yaxın gələcəkdə hansı regionda genişlənmə gözlənilir?

- Mən yuxarıda qeyd etdiyim kimi, bu il bizim üçün prioritet məsələ bankın institusional inkişaf məsələsidir və bu prosesin bir hissəsi kimi bankın satış kanallarının tam yenidən qurulması planlaşdırılır. Bu proses özündə bir sıra tədbirləri, o cümlədən kiçik filialların konsolidasiyası sayəsində filialların böyüməsini, onların iri iş sahələri ilə təmin olunmasını, filiallarda işin optimallaşdırılması və filialların baş ofislə qarşılıqlı əlaqəsinin yaxşılaşdırılmasını əhatə edir.

Xəbər lenti

Xəbər lenti