Azərbaycan, Bakı, 27 may / Trend , müxbir Ü.İsmayılova /
Azərbaycanda işçilərin hüquqlarının pozulması əsasən transmilli şirkətlərdə qeydə alınır, çərşənbə günü həmkarlar ittifaqının sədr müavini Cavanşir Alxasov Beynəlxalq Əmək Təşkilatının (BƏT) "icbari əmək" haqqında illik hesabatının təqdimatı zamanı bildirib.
"2008-ci il ərzində Həmkarlar İttifaqına ölkə iqtisadiyyatının müxtəlif sahələrində çalışan, hüquqları pozulmuş işçilərdən 236 min şikayət daxil olub", - Alxasov bildirib.
Onun sözlərinə görə, görülmüş işlər nəticəsində İttifaq bu müraciətlərin 95 faizinin həllinə nail olub.
Alxasovun dediyinə görə, bir çox transmilli şirkətlərdə həmkarlar ittifaqı və kollektiv müqavilələrin mövcud olmadığı məlum olub. Bu problemlər aparılmış analizlərdən sonra qismən həll edilib.
İcbari əməklə bağlı problemin həlli maliyyə krizisi dövründə bir çox ölkələrdə işsizliyin, yoxsulluğun artdığı və əhalinin sosial təminatının pisləşdiyi bir zamanda xüsusi əhəmiyyət kəsb edir, Alxasov bildirib.
Onun dediyinə görə, icbari əməyin əsas qurbanları qadınlar və uşaqlardır.
"Fikirləşirəm ki, icbari əməklə bağlı problemin effektiv həlli üçün daimi əsasda monitorinqlər keçirmək lazımdır", - Alxasov bildirib.
Məqalə müəllifi ilə əlaqə: [email protected]