Azərbaycan, Bakı, 11 avqust / Trend , müxbir N.İsmayılova /
Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin keçirdiyi növbəti monitorinqlər zamanı 250 kiloqramdan çox istifadə müddəti ötmüş ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib. Bu barədə çərşənbə axşamı nazirlikdən yayılan məlumatda deyilir.
Monitorinqlər Bakının Nəsimi, Binəqədi, Yasamal, Nərimanov rayonlarında və Bakıxanov qəsəbəsində, Gəncə və Sumqayıt şəhərlərində keçirilib.
Mağazalarda istifadə müddəti ötmüş ərzaq məhsulları - kolbasa və qənnadı məmulatları, bitki yağları, süd və süd məhsulları, pivələr, sərinləşdirici içkilər, həmçinin "Malış" uşaq qidaları və s. aşkar olunub.
Qanun pozuntusuna yol vermiş 11 fiziki və bir hüquqi şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilib.
17 may 2009-cu il tarixindən "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra aparılmış nəzarət tədbirləri zamanı qanun pozuntusuna yol verdiyi müəyyən edilmiş 43 hüquqi şəxsə 165 min manat, 270 fiziki şəxsə 405,5 min manat cərimə tətbiq olunub.
Avqustun 11-nə olan rəsmi məzənnə 0,8043 AZN/USD təşkil edir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]