Azərbaycan, Bakı, 01 sentyabr / Trend , müxbir N.İsmayılova /
Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti "Slavyanka №1" markalı hazır məhsulda bağırsaq çöplərinin normadan artıq olduğunun aşkar edilməsi ilə əlaqədar həmin suyun satışının qarşısının alınması və ticarət dövriyyəsində bu əmtəə nişanı ilə satılan malların keyfiyyətinin yoxlanılması üzrə bir sıra tədbirləri davam etdirib. Bu barədə nazirliyin çərşənbə günü, monitorinqlərin yekunlarına dair yayılan məlumatında deyilir.
Bununla əlaqədar İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti və Antiinhisar Dövlət Xidməti "Slavyanka №1" əmtəə nişanlı suyun istehsal edildiyi Xətai rayonu, Süleyman Vəzirov küçəsi, 33 ünvanında fiziki şəxs Nadir İbrahimova məxsus sexdə birgə araşdırma aparıb. Yoxlamalar nəticəsində 2000 litr suyun və açıq havada günəş şüaları altında saxlanılan 4147,5 litr satışa hazır məhsulun məhv edilməsi barədə qərar qəbul edib.
Eyni zamanda, 5 ticarət obyektində 1863,5 litr həcmində müxtəlif tutumlu qablarda "Slavyanka №1" əmtəə nişanlı sular aşkar edilib. Laborator araşdırmalar başa çatanadək bu əmtəə nişanlı mineral sularının satışı dayandırılıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]