...

Parabank nağd olmayan hesabların inkişaf planlarını açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Sentyabr 2009 15:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 sentyabr / Trend /

Bank sferasında plastik kart bazarını dinamik inkişafda olan bir sahə kimi xarakterizə etmək olar. Bu barədə "Parabank" ASC-nin məlumatında Hesablamalar Departamentinin direktoru Anar Behbudovun bəyanatına istinadən bildirilir.

"Bu sahədə müştərilər üçün yeni məhsullar, həmçinin bazarın konyukturasına uyğun olaraq müştəriləri qane edəcək daimi dəyişən xidmət tarifləri təklif olunur", - Behbudov bildirib.

"Parabank" ASC də bu sahədə olan payının xüsusi çəkisini artırmaq məqsədi ilə bir sıra tədbirlər həyata keçirir. Buna misal olaraq, paytaxt və region filialları tərəfindən plastik kartlar verilməsi zamanı kartların hazırlanmasında və çatdırılmasında gecikmələrin qarşısının alınması, həmçinin müştərilərin əməliyyatlarla bağlı sorğularının operativ cavablandırılması məqsədi ilə təkmilləşdirilmiş yeni bir bankdaxili sistem yaradılıb.

Behbudovun sözlərinə görə, müntəzəm olaraq yeni plastik kart məhsullarının satışı və xidməti ilə bağlı işçilər üçün xüsusi kurslar təşkil edilib.

"Müştərilərimizin rahatlığı üçün artıq tərəfimizdən "Mobil banking" və "Card to card" xidmətləri də təklif olunur. Bununla yanaşı, artıq müştərilərimizə 1 kartda Debet və Kredit funksiyası cəmləşən kartlar da təqdim edirik. Bu cür kartlar həm müştəri, həm də bank üçün əlverişli olması ilə fərqlənir", - o bildirib.

"Mobil banking" xidməti vasitəsilə müştərilərimiz artıq kart hesablarının qalığı haqqında və s. məlumatlar əldə edə biləcəklər.

"Card to card" xidməti vasitəsilə müştərilər öz kart hesablarından digər kart sahibinin hesabına pul vəsaiti köçürə bilərlər.

Kredit və ya debet kart növündən asılı olmayaraq, cari ilin sentyabr ayından etibarən "Azərikard" MMC prosesinq mərkəzində xidmət olunan 30 bank təşkilatının 560-a yaxın bankomatından vəsait çıxaran zaman onlar xidməti haqqı ödəməyəcəklər.

"Təbii ki, görülən işlərin nəticəsi bəhrəsini verməkdədir, belə ki, aktiv VISA kartlarımızın sayı artıq 3 mini keçib. Bu rəqəmin cari ilin sonuna 5 minə çatdırılmasını prioritet məsələ olaraq qarşımıza məqsəd qoymuşuq" - Behbudov bildirib.

Hazırda Parabank bir sıra yeni lahiyələr üzərində işləyir. Buna misal olaraq, Master Card beynəlxalq sistemə qoşulmaq üçün hazırlıq işlərini, həmçinin ticarət və iaşə obyektlərindən kart istifadəçiləri üçün güzəştli kampaniyaların keçirilməsi üçün görülən işləri, paytaxt və regionlarda bankomat və POS terminalların sayının artırılması planını göstərmək olar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti