...

Azərbaycanda yeni gübrə emalı zavodu tikiləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Oktyabr 2009 16:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 oktyabr / Trend , müxbir Ü.İsmayılova/

"Aqrolizinq" ASC-nin rəhbəri Əli Bayramovun çərşənbə axşamı verdiyi məlumata görə, Azərbaycanda yeni gübrə emalı zavodu tikiləcək.

O deyib ki, yeni zavodun tikintisi əsasən dövlət büdcəsi, az hissəsi isə cəlb olunan sərmayədarların maliyyə vəsaitləri hesabına baş tutacaq.

Onun sözlərinə görə, hazırda Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi zavodun tikintisi ilə bağlı sərmayədarlarla danışıqlar aparır. Danışıqların nəticələri yaxın günlərdə açıqlanacaq.

Bayramov həmçinin deyib ki, zavodda "kaliumlu şora" da istehsal ediləcək.

Sovet dövründə Sumqayıt və Gəncədə gübrə zavodu fəaliyyət göstərirdi. Amma həmin zavodlar elə o dövrdə də öz fəaliyyətini dayandırmışdılar.

"Aqrolizinq"in rəhbəri deyib ki, Qafqaz ölkələri arasında yalnız Gürcüstanda gübrə istehsal edən bir zavod var. Həmin zavod da az miqdarda gübrə istehsal edir.

O qeyd edib ki, Azərbaycanda belə bir zavodun tikintisi ilə nəinki daxili tələbatı ödəmək, həmçinin onun ixracı da mümkün olacaq.

Qeyd edək ki, "Aqrolizinq" şirkətinin ölkənin 55 rayonunda xidmət məntəqəsi var. ASC 2005-ci ildə öz fəaliyyətinə başlayıb və 8,817 min aqrotexnika, o cümlədən 745 buğdayığan kombayn, 2,25 min traktor, 132 ekskavator, 5,69 min müxtəlif kənd təsərrüfatı texnikası istifadəyə verib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti