...

Azərbaycan İnvestisiya Şirkəti və alman şirkəti aqrar sahədə iki layihənin reallaşdırılması haqqında memorandum imzalayıblar

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Dekabr 2009 16:19 (UTC +04:00)
Cümə günü Bakıda Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) ilə Almaniyanın RAO Agro Milk və RAO Global Group şirkəti arasında Ağstafa Süd Kompleksi və Ağstafa Aqroservisin inşasına dair qarşılıqlı anlaşma haqqında memorandumun imzalanma mərasimi təşkil olunub.
Azərbaycan İnvestisiya Şirkəti və alman şirkəti aqrar sahədə iki layihənin reallaşdırılması haqqında memorandum imzalayıblar

Azərbaycan, Bakı, 18 dekabr / Trend , müxbir Ü.İsmayılova/

Cümə günü Bakıda Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) ilə Almaniyanın RAO Agro Milk və RAO Global Group şirkəti arasında Ağstafa Süd Kompleksi və Ağstafa Aqroservisin inşasına dair qarşılıqlı anlaşma haqqında memorandumun imzalanma mərasimi təşkil olunub.

Azərbaycan tərəfdən memorandumu AİŞ-in icraçı direktoru Əfqan İsayev, Almaniya tərəfdən isə RAO Agro Milk-in icraçı direktoru Frits Hostmeyster və RAO Global Group-un icraçı direktoru Vyaçeslav Afanasyev imzalayıb.

İsayevin sözlərinə görə, müəssisələrin tikinti işləri 2010-cu ilin birinci rübündə başlayacaq və 2011-ci ilin birinci rübündə sona yetəcək. Hər iki müəssisə Ağstafa rayonu ərazisində - özündə dörd təsərrüfatı birləşdirən Süd Kompleksi Böyük Kəsik kəndində, Aqroservis isə Səməd Vurğun qəsəbəsində yerləşəcək.

Layihəyə əsasən, Süd Kompleksinin gücü gündə 50 min ton süd təşkil edəcək. Müəssisənin birinci iki ildəki fəaliyyətində beş növdə sterilizə olunmuş süd, qatıq, smetan istehsal ediləcək. Ümumilikdə, il ərzində 18 milyon tondan çox süd məhsulunun istehsalı, həmçinin süd və ət əldə olunması üçün heyvandarlığın inkişaf etdirilməsi və cins heyvanların bəslənməsi gözlənilir. Kompleksin fəaliyyətinin üçüncü ilində istehsal edilən məhsulların çeşidinə kərə yağı və digər heyvandarlıq məhsulları da əlavə ediləcək.

Hesablamalara əsasən, Süd Kompleksinin heyvandarlığının yemlənməsi üçün illik tələbat 65 min ton səviyyəsində gözlənilir və bunun da 95 faizi kompleksdə istehsal olunacaq. Bu məqsədlə kompleksə 2,7 min hektar torpaq sahəsi ayrılıb.

"Süd Kompleksinin yaradılması Avropa standartlarına uyğun yüksək keyfiyyətli süd və süd məhsullarının istehsalında böyük rol oynayacaq", - İsayev deyib.

İlkin hesablamalara görə, kompleksin inşasının ümumi dəyəri 30 milyon avro həcmində qiymətləndirilir. Müəssisənin ilkin nizamnamə kapitalı 5 milyon avro təşkil edir və bu məbləğdən 4 milyon avro xarici investorların payına düşür. Kompleksin nizamnamə kapitalında AİŞ-in payı 20 faiz təşkil edir.

Ağstafa Aqroservisin tikintisinin dəyəri üç milyon avro həcmində qiymətləndirilir. Nizamnamə kapitalı bir milyon avro həcmində yaradılacaq və AİŞ-in aktiv iştirakı 25 faiz təşkil edəcək.

Bu müəssisələr Ağstafada və yaxın rayonlarda aqrotexniki xidmətlər göstərəcək.

AİŞ rəhbərinin dediyi kimi, bu layihələrin reallaşdırılması üçün Avropa banklarından və dövlət agentliklərindən kreditlər cəlb olunacaq.

"Maliyyə mənbələri layihələrin biznes-planının hazırlanmasından sonra dəqiqləşdiriləcək ki, bu da 2009-cu ilin sonlarında gözlənilir, - İsayev deyib. - Hazırlanandan sonra isə biznes-plan Almaniya tərəfi ilə razılaşdırılacaq".

Süd Kompleksinin və Aqroservisin yaradılması 200-ə qədər insanı iş yeri ilə təmin edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti