...

Azərbaycanda idxal-ixrac prosedurlarının sadələşdirilməsi sahibkarlara qayğının təsdiqidir - iqtisadi inkişaf nazirinin müavini (MÜSAHİBƏ)

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 May 2010 16:52 (UTC +04:00)
Ötən həftə Azərbaycan xarici ticarət fəaliyyətinin tənzimlənməsi prosedurunda ciddi dəyişikliklər etdi. Azərbaycan Prezidenti İlham Əliyev mayın 14-də "İdxal-ixrac əməliyyatlarının tənzimlənməsi qaydalarının təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında" fərman imzaladı.
Azərbaycanda idxal-ixrac prosedurlarının sadələşdirilməsi sahibkarlara qayğının təsdiqidir - iqtisadi inkişaf nazirinin müavini (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 18 may /Trend, müxbir İ.Xəlilova/

Ötən həftə Azərbaycan xarici ticarət fəaliyyətinin tənzimlənməsi prosedurunda ciddi dəyişikliklər etdi. Azərbaycan Prezidenti İlham Əliyev mayın 14-də "İdxal-ixrac əməliyyatlarının tənzimlənməsi qaydalarının təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında" fərman imzaladı.

Fərmana görə, xarici ticarətin tənzimlənməsi haqqında qərar Nazirlər Kabinetinin sərəncamı ilə təsdiqlənir, ixrac-idxal malları, əqli mülkiyyət və xidmətlər üçün icra hakimiyyətinin səlahiyyətli orqanının rəyi tələb olunur. Bu zaman idxal-ixrac zamanı qabaqcadan ödənişlər, akkreditivin açılması və ya bank zəmanətinin verilməsi yalnız dövlət müəssisələri və dövlətin payının 50 faizdən az olmadığı müəssisələr üçün saxlanılır. Bu zaman belə qurumların xarici ticarət müqavilələrinin qeydiyyatı İqtisadi İnkişaf Nazirliyi tərəfindən həyata keçirilir.

Xarici ticarət fəaliyyət iilə məşğul olanlar üçün yeni qaydaların izah olunması məqsədilə Trend-in iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərovla müsahibəsini təqdim edirik.

Bu sənədin qəbul olunması hansı məqsədləri daşıyır?

- Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə uğurlu iqtisadi siyasətin həyata keçirilməsi, o cümlədən iqtisadiyyatın diversifikasiyasına, qeyri-neft sahələrinin inkişafına yönəlmiş dövlət proqramlarının icrası, sahibkarlığın dəstəklənməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması nəticəsində son illərdə iqtisadiyyatın bütün sahələri davamlı olaraq inkişaf edir, ölkənin ixrac imkanları sürətlə genişlənir.

2010-cu ilin mart ayının 12-də "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransda Azərbaycan Respublikasının Prezidenti tərəfindən yerli sahibkarların xarici bazarlara çıxışı üçün mövcud şəraitin daha da yaxşılaşdırılması, xarici ölkələrə ixrac imkanlarının araşdırılması, yerli sahibkarlar üçün xarici ölkələrdə münbit şəraitin yaradılması məqsədilə müvafiq təkliflərin hazırlanması ilə bağlı tapşırıqlar verilib.

Məlum olduğu kimi, idxal-ixrac əməliyyatlarının tənzimlənməsi qaydaları 1997-ci ildə təsdiq edilib və onun bir sıra müddəaları iqtisadi inkişafın bügünkü səviyyəsi ilə uzlaşmırdı. Azərbaycan Prezidentinin 14 may 2010-cu il tarixli "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi qaydalarının təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında" fərmanı ilə "Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları"na edilmiş dəyişikliklər və əlavələr bu məsələnin aradan qaldırılmasını təmin edib.

- Qanunda olan əlavə və dəyişikliklərin məğzi nədir? Və bütövlükdə sənədin əhəmiyyəti nədir?

- Bu əlavə və dəyişikliklərin əsas məqsədi bundadır:

- idxal və ixrac əməliyyatında tələb olunan sənəd və prosedurların sayının azaldılmasında;

- ixracdakı hesablamaların daha da sadələşdirilməsində;

- ixracatçılar üçün daha da münasib şəraitin yaradılmasında.

Dəyişikliklər iki istiqamətdə həyata keçirilib. Birinci istiqamət xarici ticarət əməliyyatlarının rəsmiləşdirilməsi zamanı tələb olunan bir sıra sənəd və prosedurların sayının azaldılmasını nəzərdə tutur.

Eyni zamanda, "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları"nın göstərilən müvafiq dövlət orqanlarından rəy alınmaqla həyata keçirilən bir sıra spesifik malların, xidmətlərin və əqli mülkiyyətin idxalı və ixracı zamanı müqavilələrin qeydiyyatı və ekspertizası tələbi aradan qaldırılıb.

İkinci istiqamət isə ixracda hesablaşma qaydalarının sadələşdirilməsini nəzərdə tutur. Belə ki, dövlət müəssisələri və əmlakında dövlətin yekun payı 50 faizdən yuxarı olan digər müəssisələr istisna olmaqla, bütün digər şəxslər tərəfindən malların ixracı zamanı onların haqqının qabaqcadan ödənilməsi və ya geri çağırılmayan akkreditivin açılması və ya birinci dərəcəli bankların zəmanətinin təqdim edilməsi tələb olunmayacaq.

Azərbaycan Prezidentinin bu fərmanı ölkədə sahibkarlığın inkişafına diqqət və qayğının daha bir nümunəsi olmaqla, qeyri-neft sektorunun inkişafında, biznes mühitinin davamlı olaraq daha da yaxşılaşdırılmasında, ixracın stimullaşdırılmasında, idxal-ixrac əməliyyatlarının genişləndirilməsində, idxal-ixrac prosedurunun sadələşdirilməsində xüsusi əhəmiyyət kəsb edən mühüm sənəddir.

Xəbər lenti

Xəbər lenti