...

Azərbaycanın təbii fəlakət zonasında epidemioloji vəziyyət nəzarət altındadır - Səhiyyə Nazirliyi

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyun 2010 13:19 (UTC +04:00)
Kür çayının daşması nəticəsində baş vermiş təbii fəlakətlə bağlı dörd minə yaxın insan müvəqqəti sığınacaqla təmin olunub. Bu barədə şənbə günü Azərbaycan Səhiyyə Nazirliyinin yayılan məlumatında deyilir.
Azərbaycanın təbii fəlakət zonasında epidemioloji vəziyyət nəzarət altındadır - Səhiyyə Nazirliyi

Аzərbaycan, Bakı, 5 iyun /Trend, müxbir Ü.İsmayılova/

Kür çayının daşması nəticəsində baş vermiş təbii fəlakətlə bağlı dörd minə yaxın insan müvəqqəti sığınacaqla təmin olunub. Bu barədə şənbə günü Azərbaycan Səhiyyə Nazirliyinin yayılan məlumatında deyilir.

"Təbii fəlakət zonasında vətəndaşların müvəqqəti məskunlaşdığı yerlərdə ilk günlərdən tibbi mütəxəssislərin işlədiyi və lazımi dərman preparatları ilə təmin olunmuş tibbi məntəqələr açılıb", - məlumatda bildirilir.

Hazırda ölkənin doqquz regionunda 16 tibbi məntəqə açılıb və 20-dən çox səyyar tibbi briqadalar fəaliyyət göstərir. Bu günə qədər tibbi məntəqələrə 50-dən çox müraciət olunub və zərər çəkənlərə lazımi tibbi yardım göstərilib.

"Bu müddət ərzində viruslu xəstəliklərlə bağlı tibbi məntəqələrə müraciətlər olmayıb və yoluxucu xəstəliklər faktı qeydə alınmayıb", - nazirliyin məlumatında deyilir.

Əhalinin təbii fəlakət zonalarından müxtəlif yerlərə kütləvi şəkildə köçürülməsi, su və qida ilə təmin olunmaları məsələsi diqqət mərkəzindədir. Zonada epidemioloji normalar ciddi surətdə müşahidə olunur və vaxtaşırı dezinfeksiya və deratizasiya işləri aparılır. "Su altında qalmış ərazilər quruyandan sonra bu tədbirlər daha miqyaslı xarakter alacaq", - məlumatda bildirilir.

Respublikanın Aran (Mərkəz) zonasında baş vermiş təbii fəlakətin ilk günlərindən Azərbaycanın Səhiyyə Nazirliyi operativ qərargah yaradıb, tədbirlər planı həyat keçirib və mütəxəssislərini zonaya göndərib. Nazirliyin mütəxəssisləri əhaliyə psixoloji yardım göstəriblər.

Təbii fəlakət baş verən vaxtdan etibarən həmin ərazilərdə 50-dən çox sağlam körpə dünyaya gəlib ki, onlar və anaları daim həkimlərin nəzarəti altındadırlar.

Şirvan şəhərinin su basmış ərazilərindən olan əhalidən 626-sı uşaq olmaqla, 1660 nəfəri müvəqqəti sığınacaqla təmin olunub (çadır şəhərciyində 1221 nəfər, texnikumun binasında 229 nəfər, peşə liseyində 130 nəfər). Bu müddət ərzində Şirvanın doğum evində 24 uşaq  doğulub. Hazırda Şirvanın Mərkəzi Xəstəxanasında 44 nəfər stasionar müalicə alır, 3 nəfər kəskin appendisit diaqnozu ilə əməliyyat olunub.

Təbii fəlakət zonasında dərman preparatları ilə təchizatda problem yoxdur, epidemioloji rejim ciddi şəkildə müşahidə olunur, həmçinin Bakı şəhəri laboratoriyalarında təbii fəlakət zonalarından gətirilmiş su və qida nümunələri üzərində mütəmadi olaraq laboratoriya analizləri aparılır.

Məlumatda həmçinin qeyd olunur ki, Sabirabad rayonundan da 1769 nəfər  müvəqqəti sığınacaqla təmin olunub (Moranlı çadır şəhərciyində 129 nəfər,qalanları isə digər rayonların beş orta məktəbində).

"Bütün vətəndaşlara lazımi tibbi yardım göstərilir", - nazirliyin məlumatında deyilir.

Xəbər lenti

Xəbər lenti