...

SECO Azərbaycanda qiymətli kağızlar bazarında islahatların ikinci mərhələsini dəstəkləməyə hazırdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 İyul 2010 16:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir İ.Xəlilova/

İsveçrənin iqtisadi məsələlər üzrə Dövlət Katibliyi (SECO) Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) ilə Mərkəzi Asiya və Azərbaycanda qiymətli kağızlar bazarının inkişaf layihəsinin ikinci mərhələsi üzrə məsləhətləşmələrə başlayıb. Bu barədə cümə günü İsveçrə əməkdaşlıq ofisinin Cənubi Qafqaz üzrə milli proqramının direktoru Nailə Səfərova bildirib. Bununla əlaqədar SECO-nun ekspertləri Bakıdadır.

"QKDK ilə layihənin ikinci mərhələsinin başlanması üçün ölkənin fond bazarının inkişafı üzrə köməyin göstərilməsinin istiqamətləri dəqiqləşdirilir", - Səfərova qeyd edib.

Layihənin birinci mərhələsində dövlət qiymətli kağızların ilkin və ikinci bazarının inkişafı nəzərdə tutulub. Dövlət qiymətli kağızlar bazarının inkişafı üzrə layihə (Regional Government Securities Market Development Project) üç ilə 2006-2008-ci illər üçün nəzərdə tutulub. Layihənin ümumi büdcəsi 1 917 384 dollar təşkil edir. Layihənin əsas vəzifələri Maliyyə Nazirliyi və Mərkəzi Bank arasında koordinasiya fəaliyyəti vasitəsilə büdcənin və pul siyasətinin tənzimlənməsinin inkişafı; qiymətli kağızlar bazarının təkmilləşdirilməsinə texniki yardımın göstərilməsi; bu sahədə qanunvericiliyin yenidən nəzərdən keçirilməsi və müvafiq hüquq çərçivələrinin yaradılması üzrə məsləhətlərin verilməsi; Mərkəzi Bank üçün pul siyasətinə rəhbərlik etmək üzrə şərait və imkanların yaradılmasıdır.

Layihə SECO-nun maliyyə, eləcə də ölkənin Maliyyə Nazirliyi və Mərkəzi Bankın dəstəyi əsasında Beynəlxalq Valyuta Fondu ilə həyata keçirilib.

İsveçrənin Azərbaycanda fəaliyyət göstərən Cənubi Qafqaz üzrə əməkdaşlıq ofisi iki təşkilatı - İsveçrə XİN-in tərkib hissəsi olan İnkişaf və Əməkdaşlıq üzrə İsveçrə Agentliyini (Swiss Agency for Development and Cooperation - SDC) və İsveçrənin İqtisadiyyat Nazirliyinin tərkib hissəsi olan iqtisadi məsələlər üzrə Dövlət Katibliyini (State Secretariat for Economic Affairs - SECO) təmsil edir. Ofis Azərbaycanda 2002-ci ildə açılıb. Onun məqsədi Azərbaycana iqtisadi islahatların aparılmasında yardımın göstərilməsindən ibarətdir. Bu yardım infrastruktur layihələrin, eləcə də maliyyə sektorunun inkişafı üzrə layihələrə, özəl sektorun stimullaşdırılmasına, Azərbaycan hökumətinə ölkənin makroiqtisadi siyasətinin aparılmasında köməyin göstərilməsinə yönəlib.

Xəbər lenti

Xəbər lenti