Azərbaycan, Bakı, 6 avqust /Trend/
"Azərbaycan Dəmir Yolları" QSC Bakı sərnişin stansiyasında sərnişin biletlərinin elektron satışı üzrə yeni sistemin tətbiqinə başlayıb. Bu barədə QSC-nin cümə günü yaydığı məlumatında deyilir. İndi biletlərin satışı həm birtərəfli, həm də hər ikitərəfli istiqamətdə həyata keçiriləcək.
Bilet satışı sisteminin təkmilləşdirilməsi, onun internetdən istifadə etməklə bir mərkəzdən idarə edilməsi, eləcə də Bakı sərnişin stansiyasında sərnişinlərə göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə mərkəzi informasiya bazası yaradılıb.
Cari ilin avqustun 5-dən etibarən Bakı sərnişin stansiyası, Gəncə vağzalı və qərb zonasının digər xətti stansiyalarının bütün kassalarında biletlərin satışı mərkəzi informasiya bazasından istifadə olunmaqla həyata keçiriləcək.
Bilet satışlarının kompüterləşdirilməsi texnologiyası proqramı və AİS "Ekspress-AZ" sisteminin genişləndirilməsi çərçivəsində qərb regionundakı bütün xətti stansiyalar internetə çıxışı olan proqramla təmin edilib.