...

Sumqayıtda "Regionlarda sahibkarların maarifləndirilməsi" tədbiri keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Avqust 2010 03:07 (UTC +04:00)
Avqustun 11-də İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə Sumqayıt şəhərində “Regionlarda sahibkarların maarifləndirilməsi” mövzusunda tədbir keçirilib, İqtisadi İnkişaf Nazirliyi məlumatı yayıb.
Sumqayıtda "Regionlarda sahibkarların maarifləndirilməsi" tədbiri keçirilib

Avqustun 11-də İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə Sumqayıt şəhərində "Regionlarda sahibkarların maarifləndirilməsi" mövzusunda tədbir keçirilib, İqtisadi İnkişaf Nazirliyi məlumatı yayıb.

Tədbirdə İqtisadi İnkişaf Nazirliyinin aidiyyəti strukturlarının nümayəndələri və Abşeron iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlar iştirak etmişlər.

Nazirliyin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin məsləhətçisi Rövşən Məcidov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi siyasət nəticəsində iqtisadiyyatın davamlı olaraq inkişaf etdiyini, ölkənin ixrac imkanlarının genişləndiyini bildirmiş, dövlət başçısının 2010-cu il 14 may tarixli "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi qaydalarının təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında" Fərmanının sahibkarlığın inkişafına göstərilən diqqət və qayğının daha bir nümunəsi olmaqla, qeyri-neft sektorunun inkişafında, biznes mühitinin daha da yaxşılaşdırılmasında, ixracın stimullaşdırılmasında, idxal-ixrac əməliyyatlarının genişləndirilməsində xüsusi əhəmiyyətini qeyd etmişdir.

Bildirilmişdir ki, idxal-ixrac əməliyyatlarının tənzimlənməsi ilə bağlı qaydalara edilmiş əlavə və dəyişikliklərə əsasən, idxal-ixrac əməliyyatları zamanı tələb olunan sənədlərin sayı və prosedurlar azaldılmış, ixrac prosesində hesablaşma qaydaları sadələşdirilmiş və ixracatçılar üçün daha əlverişli şərait yaradılmışdır.

Sonra Nazirliyin Regionların inkişafı və dövlət proqramları şöbəsinin sektor müdiri Amil Əlili, Xarici ticarət siyasəti və Ümumdünya Ticarət Təşkilatı şöbəsinin məsləhətçisi Altun Əliyev çıxış edərək dövlət proqramlarında ixrac siyasəti, ixracın təşkili və idarə edilməsində biznes tədrisinin əhəmiyyəti və elektron ticarətin sahibkarlıq fəaliyyətinin inkişafında rolu barədə tədbir iştirakçılarına məlumat vermişlər.

Bakı Biznes Tədris Mərkəzinin direktoru Akif Fərruxov sahibkarlığın inkişafına dövlət dəstəyinin vacib komponenti kimi sahibkarların və sahibkarlıq fəaliyyətinə yeni başlamaq istəyənlərin maarifləndirilməsinin, onlara zə­ruri nəzəri biliklərin, praktiki bacarıq­ların, beynəlxalq təcrübənin aşılanmasının, sahib­karlıq subyektlərinə tədris-metodiki, innova­siya və konsaltinq xidmətlərinin göstərilməsinin əhəmiyyətini vurğulayaraq, biznes tədrisi sisteminin təkmilləşdirilməsi və müasir tələblər səviyyəsində qurulması istiqamətində Bakı Biznes Tədris Mərkəzi tərəfindən görülən işlər barədə məlumat vermişdir.

Tədbir çərçivəsində "Mövcud və yeni ixrac bazarları, onlara çıxış imkanları" və "Elektron ticarət və onun sahibkarlıq fəaliyyətinin inkişafında rolu" mövzularında məruzələr dinlənilmiş, www.b2b.az elektron ticarət portalının təqdimatı keçirilmişdir.

Tədbirdə Avropa İttifaqına ixrac imkanları, Avropa İttifaqının "Ümumiləşdirilmiş Preferensiyalar Sistemi+" Proqramının ("GSP+") əsas xüsusiyyətləri, sistemin biznes üçün potensial faydası barədə ətraflı məlumatlar verilmiş, sahibkarları maraqlandıran suallar cavablandırılmışdır.

"Regionlarda sahibkarların maarifləndirilməsi" mövzusunda analoji tədbir Lənkəran, Yevlax, Şamaxı və Horadiz şəhərlərində də keçirilmişdir.

Xəbər lenti

Xəbər lenti