...

Personalın seçimi zamanı əsas meyar kimi namizədin potensialı və öz üzərində işləmək hazırlığı götürülür - İdarə Heyəti sədrinin müavini (MÜSAHİBƏ)

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Avqust 2010 17:36 (UTC +04:00)
"Bank of Baku" ASC İdarə Heyəti sədrinin müavini, ümumi sahənin rəhbəri Zaur Qaraisayevin müsahibəsini diqqətinizə çatdırırıq.
Personalın seçimi zamanı əsas meyar kimi namizədin potensialı və öz üzərində işləmək hazırlığı götürülür - İdarə Heyəti sədrinin müavini (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 16 avqust /Trend/

"Bank of Baku" ASC İdarə Heyəti sədrinin müavini, ümumi sahənin rəhbəri Zaur Qaraisayevin müsahibəsini diqqətinizə çatdırırıq.

- Cənab Qaraisayev, "Bank of Baku" kadr siyasətinə xüsusi diqqət yetirir. Maraqlıdır ki, bir vaxt bundan öncə, demək olar ki, bütün sahələrdə işçilərin kütləvi ixtisarı müşahidə olunanda, bank tam başqa bir mövqenin tərəfdarı idi. Sizcə, personal ilə işin əsas vəzifəsi nədədir?

- 2008-ci ilin sonlarında qarşımıza çıxan iqtisadi "narahatlığın" ilk günlərindən bankın səhmdarları və rəhbərliyi xərcləri azaltmaq naminə işçilərin ixtisarına yol verməmək qərarına gəldilər. İşçilərin ixtisarı siyasəti, işdən azad olunmaları və yaxud hansısa bir filialın və ya xidmət qurumunun bağlanılması bankın ümumi kadr siyasətinə ziddir. Biz həmişə çalışırıq ki, işçilərimizi elə yerləşdirək ki, heç kim özünü artıq, gərəksiz hiss etməsin. Buna müvafiq olaraq, xərclərin azalması, mənfəətin artırılması və effektivliyinə dair digər üsullardan istifadə etdik və bu üsullar ixtisarlardan uzaq durmağa imkan yaratdı. Bunun ən parlaq sübutu olaraq, bankın son ildə dinamik inkişafını göstərmək mümkündür.

- İşçilərin motivasiyasına gəldikdə, burda ən əsası nədir?

- Əlbəttə ki, birinci növbədə mənəvi motivasiya durur! Kollektivin birliyi, müəyyən məqsədə doğru yönəldilməsi, rəhbərliyin qəbul etdiyi qərarların düzgünlüyünə inamı, həmin şirkətdə öz gələcəyinə əminliyi, bankın menecerləri ilə birbaşa və açıq təmasa girməsi və s. hər bir maneələrin öhdəsindən gəlmək və böyük nəticələrə nail olmaq üçün əsas amillərdəndir. Düzlük, vicdanlılıq, səmimiyyət kimi xüsusiyyətləri yüksək qiymətləndirərək biz işçiləri stimullaşdırırıq ki, onlara tapşırılmış işi həvəs və səylə yerinə yetirsinlər.

- Bəs regionlarda "Bank of Baku"nun kadr siyasəti necə qurulub?

- Hal-hazırda bankın Lənkəran, Şəki, Sumqayıt, Gəncə və Xaçmaz şəhərlərində 5 regional filialı fəaliyyət göstərir. Bu filialların, demək olar ki, bütün işçiləri həmin şəhərlərin sakinləridirlər. Bizim məqsədimiz filialların insan resurslarında olan tələbat və ehtiyaclarını yerli kadrlar vasitəsilə təmin etməkdir. Əlbəttə, hərdən aparıcı vəzifələrə hazır namizəd tapmaq çox çətin olur; məsələn, kredit şöbəsinin rəisi və yaxud filial direktoru. Bu vəziyyətdə başqa filiallardan kadrları ezam etmək lazım olur, amma buna baxmayaraq, yerli resurslardan müvafiq namizədlərin axtarışı hər zaman aparılır. Bununla yanaşı, regionlarda daimi yaşayış yeri olan kadrların hər hansı bir filialda işləməsinə heç bir maneə törədilmir. Yəni, məsələn, Biləsuvar rayonunda daimi yaşayış yeri olan insan bankın Şəki filialında çalışa bilər.

- Bank dairələrində "Bank of Baku məktəbi" kimi hamıya çox yaxşı tanış olan bir anlayış var. Bu məktəbin xüsusiyyətləri nədədir və ümumiyyətlə, personalın inkişafı, təlimi, qiymətləndirilməsi sahəsində bankda hansı iş aparılır?

 

- Aydınlıq gətirmək istərdim ki, "məktəb" deyəndə işçilərin təhsil və ixtisaslarının artırılması ilə məşğul olan hansısa ayrı bir struktur nəzərdə tutulmur. İlk növbədə, burada indiki işçilər tərəfindən təzə işçilərə ötürülən unikal təcrübə, bilik, işə münasibət və yanaşma nəzərdə tutulur. İşə qəbul vaxtı biz namizədlərin orta və ya ali təhsil səviyyəsini əsas tutmuruq, əlbəttə ki, spesifik bilik, təhsil və iş təcrübəsi tələb edən vəzifələri istisna etmək şərti ilə. Sözsüz ki, yüksək dərəcəli ali təhsil almış namizədlərə üstünlük verilir, amma personalın seçimi zamanı əsas meyar kimi namizədin potensialı və öz üzərində işləmək hazırlığı, inkişafı götürülür. İşə qəbulun mərhələlərindən birini namizədlərin bilavasitə bankda keçdikləri praktika təşkil edir, bu isə bizə imkan yaradır ki, onları bizim bankda müvəffəqiyyətli karyera başlanğıcı üçün tələb olunan bilik və təcrübə ilə təmin edək. Bank əməkdaşların hərtərəfli inkişafına böyük diqqət yetirir, onları müxtəlif seminar və praktiki məşğələlərə göndərir, daxili treninq və seminarlar təşkil edir. Məhz buna görə də ali təhsil müəssisəsini bitirən cavan adamlar böyük həvəslə bizim bankda işləməyə gəlirlər - onlar bilirlər ki, biz əmək bazarında ən təcrübəli olanların axtarışında yox - ən istedadlıların axtarışındayıq və biz onlara nüfuzlu bir bankda karyera qurmağa gözəl bir şans yaradırıq.

Xəbər lenti

Xəbər lenti