Аzərbaycan, Bakı, 24 avqust /Trend, müxbir А.Axundov/
İyulda Bakının kommersiya obyektləri bazarında qiymətlər iyuna nisbətən 0,3 faiz enib. Qeyri-yaşayış obyektlərinin icarəsi isə 0,5 faiz ucuzlaşıb. Bu barədə çərşənbə axşamı "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyindən məlumat verilib.
İyulda qeyri-yaşayış sahələri bazarında təkliflərin sayı 0,2 faiz azalıb.
Bakıdakı qeyri-yaşayış sahələrinin bir kvadratmetrinin orta qiyməti iyunda 2 958 dollardan iyulda 2 950 dollaradək ucuzlaşıb. Aparılan araşdırmalara görə, birinci rübə nisbətən qiymətlərin ucuzlaşması 0,9 faiz, ötən ilin iyul ayı ilə müqayisədə isə 1,9 faiz təşkil edib.
Şəhərin birinci, üçüncü və dördüncü zonaları üzrə qeyri-yaşayış sahələrinin qiymətləri, müvafiq olaraq, 0,1, 0,3, və 0,5 faiz düşüb. İkinci zonada 0,1 faiz olmaqla, artım müşahidə edilib. Ötən ay ərzində şəhərin Qaradağ rayonunda bazarda 1,5 faiz orta qiymət artımı müşahidə olunub, ən çox azalma isə 1 faiz olmaqla Xətai rayonunda müşahidə edilib.
Bazarda orta qiymətdən aşağı (bir kvadratmetri 2 944 dollara) təklif olunan qeyri-yaşayış obyektlərinin payı qeyri-yaşayış obyektləri bazarının ümumi portfelinin 55,2 faizini təşkil edib.